...

Türkiyənin hakim partiya deputatlarının Azərbaycana səfər edib-etməməsi partiyanın daxili müzakirələrindən sonra bəlli olacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Aprel 2009 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir R.Hafizoğlu /

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatlarının Azərbaycana səfər edib-etməyəcəyi partiyanın bu gün keçiriləcək daxili müzakirələrindən sonra bəlli olacaq, çərşənbə axşamı Ankaradan telefonla Trend -a Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri, AKP-çi deputat  Mustafa Kabakçı bildirib.

Trend -un arayışı: Türkiyə Böyük Millət Məclisində (Parlament) təmsil olunan siyasi partiyaların bir qrup deputatının sabah Azərbaycana səfəri başlayır. Səfər çərçivəsində Türkiyənin Ermənistanla sərhədlərinin açılması ehtimalı müzakirə ediləcək. Türkiyə mətbuatının yaydığı məlumata görə, AKP-çi deputatlar qabaqcadan planlaşdırılan səfərdən imtina ediblər.

Türkiyə və Azərbaycan ictimaiyyətinin ciddi narazılığından sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Erdoğan ötən həftə jurnalistlərə açıqlamasında Dağlıq Qarabağ problemi həll olunmayana qədər Türkiyənin Ermənistanla sərhədləri açmayacağını bəyan edib.

Türkiyənin müxtəlif dairələri Ermənistanla sərhədlərin açılacağını bildirirlər.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Kabakçı deyib ki, Azərbaycana gəlməmələri barədə hər hansı qərar yoxdur. "Hazırda bu məsələnin həllini gözləyirik, bundan sonra konkret bir şey deyə biləcəyik", - Kabakçı əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti