...

Dağlıq Qarabağın azərbaycanlı icması həmsədrləri ikili standartlarda günahlandırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Aprel 2009 12:20 (UTC +04:00)
Dağlıq Qarabağın azərbaycanlı icması həmsədrləri ikili standartlarda günahlandırıb

Azərbaycan, Bаkı, 27 aprel / Trend , müxbir A.Hüseynbala /  

Dağlıq Qarabağın azərbaycanlı icması Minsk Qrupu həmsədrlərini ikili standartlarda günahlandırıb.

"Münaqişənin nizamlanması prosesini üzərinə götürən ATƏT-in Minsk Qrupu həmsədrləri uzun müddətdir azərbaycanlı icması ilə heç bir görüş keçirmirlər", - bazar ertəsi Trend -a "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin üzvü, millət vəkili Elman Məmmədov bildirib.

Trend -un arayışı: Minsk Qrupu həmsədrləri regiona səfərləri zamanı Xankəndində erməni icmasının rəhbərləri ilə görüş keçirdiyi halda, azərbaycanlı icması ilə görüş keçirmirlər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məmmədovun sözlərinə görə, həmsədrlər ancaq birtərəfli qaydada Dağlıq Qarabağdakı qondarma qurumla məsləhətləşmələr aparırlar.

"Həmsədrlərin təmsil etdikləri dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını və buna hörmətlə yanaşdıqlarını, Azərbaycan ərazisində yaradılan başqa heç bir qurumu tanımadıqlarını bəyan edirlər. Ancaq buna baxmayaraq, həmsədrlər öz dövlətlərinin bu fikirlərini öz hərəkətləri ilə təkzib edirlər", - icma üzvü əlavə edib.

Millət vəkili deyib ki, həmsədrlərin regiona səfərləri zamanı hökmən Xankəndinə getmələri və orada dünyanın heç bir rəsmi qurumu tərəfindən tanınmayan separatçı-cinayətkar qurumun rəhbərləri ilə görüşmələri düzgün yanaşma deyil.

"Bu, Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir. Əgər siz qondarma qurumu tanımırsınızsa, niyə hər dəfə onlarla görüşürsünüz? Biz öz fəaliyyətimizlə ayrıseçkiliyə son qoyulmasına çalışacağıq", - Məmmədov vurğulayıb.  

Onun fikrincə, Dağlıq Qarabağın azərbaycanlı icması fəaliyyətini elə quracaq ki, həmsədrlər regiona səfər edərkən, məcburən azərbaycanlı icması ilə görüşməli və məsləhətləşməli olacaq.

"Yaxın vaxtlarda icma ilə bağlı çox ciddi təşkilati dəyişikliklər olacaq. Məqsədimiz həm də rəqib tərəfə bildirməkdir ki, Dağlıq Qarabağın azərbaycanlı icması kifayət qədər nüfuza və gücə malikdir, öz torpaqlarının geri qaytarılması iddiasındadır", - Məmmədov qeyd edib.

Millət vəkili bununla bağlı icmanın rəhbəri, Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərovla məsləhətləşmələr apardıqlarını deyib.

Birlik 2006-cı ilin oktyabr ayında dövlət qeydiyyatından keçib. Birliyin ilk rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Nizami Bəhmənov 2008-ci il sentyabrın 13-də vəfat edib. Milli Məclisin deputatları Həvva Məmmədova ilə Elman Məmmədov icmanın həmtəsisçiləridir.

Azərbaycan Prezidenti İlham Əliyev fevral ayının axırlarında Bayram Səfərovu Şuşa Rayon İcra Hakimiyyətinin başçısı təyin edib. Səfərov həm də "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti