...

Azərbaycanın Qarabağ Azadlıq Təşkilatı Şuşanın işğalı günü yürüş keçirmək niyyətindədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Aprel 2009 13:13 (UTC +04:00)

Azərbaycan, Bakı 29 aprel / Trend , müxbir C.Babayeva /  

Azərbaycanın Qarabağ Azadlıq Təşkilatı (QAT) "İşğal olunmuş ərazilər günü"nün qeyd olunması ilə bağlı mayın 8-də yürüş keçirmək məqsədi ilə Bakı Şəhər İcra hakimiyyətinə müraciət ünvanlayıb.

Dinc yürüşün saat 11:00-dan 12:00-dək Hüseyn Cavid prospekti ilə Məşədi Əzizbəyovun heykəlindən Şəhidlər Xiyabanına qədər həyata keçirilməsi nəzərdə tutulur, çərşənbə günü QAT-ın yaydığı məlumatda bildirilib.

Trend -un arayışı: Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan tərəfindən işğal olunub. Şuşanın işğalı zamanı yüzlərlə dinc sakin həlak olub, 60-ya yaxın mülki şəxs girov götürülüb və itkin düşüb, ölən, yaralanan və girov götürülənlər arasında qadınlar və uşaqlar da var. Onların bir çoxu bu günə qədər azad olunmayıb, o zaman təxminən 22 minə yaxın insan qaçqın düşüb. Şuşada dövlət tərəfindən qorunan 248 tarixi abidə, 8 muzey, bir rəsm qalereya, bir məqbərə, 8 musiqi məktəbi, onlarla mədəniyyət obyekti işğal altında qalıb.

Min nəfərin iştirakı nəzərdə tutulan yürüşdə "Qarabağa azadlıq!", "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan olmayacaqdır!", "Minsk Qrupunun səmərəsiz fəaliyyətinə son qoyulsun!", "Ədalətsiz vasitəçilik missiyası rədd edilsin!", "Torpaqlarımız hərbi yolla işğaldan azad edilsin!", "İşğalçı Ermənistana qarşı müqəddəs müharibə!" şüar və tələblər səsləndiriləcək.

Trend -un arayışı: QAT Qarabağın erməni işğalçılarından azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə 2000-ci ildə Bakıda yaradılıb. Qurumun rəhbəri tarix elmləri namizədi, dosent Akif Nağıdır. Təşkilat öz sıralarında Azərbaycanın tanınmış ziyalıları, qaçqın və məcburi köçkünləri, gənclər, keçmiş döyüşçülər, ehtiyatda olan yüksək rütbəli zabitlər olmaqla 10 min nəfəri birləşdirir. QAT-ın Azərbaycan üzrə 74 yerli şöbəsi və müxtəlif xarici ölkələrdə təmsilçiləri fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti