...

Azərbaycanın müxalifət partiyaları ayrılıqda "Qarabağ forumu" keçirəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 İyun 2009 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın müxalifət partiyaları ayrılıqda "Qarabağ forumu" keçirəcəklər.

"Azərbaycanın müxalif partiyalarının təşəbbüsü ilə keçiriləcək növbəti "Qarabağ forumu"nda iştirak etmək üçün Xarici İşlər Nazirliyinə və hakim partiyaya dəvətnamə göndəriləcək. Biz müxalifət və hakimiyyətyönlü olmalarına baxmayaraq, bütün ictimai-siyasi təşkilatların, Qarabağdan olan ağsaqqalların forumda iştirakını arzulayırıq", - bazar ertəsi Trend -a Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirib.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Musayevin sözlərinə görə, tədbir iyulun 3-də Media Mərkəzində keçiriləcək. "Məqsədimiz əvvəlkilərdən fərqli olaraq daha mütəşəkkil forumun keçirilməsidir", - BAP sədri əlavə edib.

DUİ bundan əvvəl də "Qarabağ forumu" keçirib. Azərbaycanın digər müxalif partiyalarının təmsil olunduğu "Qarabağ və Respublika Uğrunda Hərəkat" və hakimiyyət orqanları həmin tədbirdə iştirak etməyiblər.

Dеmоkrаtiyа Uğrunda İttifаqı 2005-ci il parlamеnt seçkisindən sonra müxalifətçi Klassık Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları yаrаdıb. 2008-ci il sеntyаbrın əvvəllərində Böyük Azərbаycаn, nоyаbr аyındа isə Хаlq pаrtiyаlаrı DUİ-yə üzv qəbul оlunub. İttifаq bu pаrtiyaların məşvərət və əməkdaşlıq qurumudur.

Vətəndaş Həmrəyliyi Partiyasının mətbuat xidmətindən isə Trend -a bildiriblər ki, iyulun ortalarında "Qarabağ probleminin nizamlanmasında siyasi partiyaların və QHT-lərin rolu və vəzifələri" mövzusunda Ümumrespublika Forumunun keçirilməsi nəzərdə tutulur.

Bununla əlaqədar olaraq Vətəndaş Həmrəyliyi Partiyası ölkədəki bütün siyasi qurumlara və əksər qeyri- hökumət təşkilatlarına, dövlət rəsmilərinə və millət vəkillərinə məktubla müraciət edib. Məktubda göstərilir ki, "Ölkədəki ictimai-siyasi proseslər, Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı aparılan danışıqlar, Azərbaycan rəsmilərinin müzakirələrdə heç bir irəliləyişin olmaması narahatlığını ifadə edən açıqlamaları, bölgənin siyasi mənzərəsi işğal altındakı torpaqlarımızın taleyi ilə əlaqədar geniş ictimai-siyasi müzakirəni qaçılmaz edir. Bu səbəbdən iyul ayının ikinci ongünlüyündə "Qarabağ probleminin həllində siyasi partiyaların və QHT-lərin rolu və vəzifələri" mövzusunda Ümumrespublika Forumunun keçirilməsini əhəmiyyətli hesab edirik".

Məktubda Forumla bağlı təklif və rəylərin VHP-nin mərkəzi ofisinə göndərilməsi də siyasi partiya və QHT-lərdən xahiş olunur. Həmçinin VHP Foruma qədər irəli sürülən təkliflərin dəyərləndirilməsi üçün siyasi qurum və QHT rəhbərlərilə ikitərəfli müzakirələrə də start verib.

Forumun vaxtı müzakirələrdən sonra müəyyənləşdiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti