Azərbaycan, Bakı, 06 avqust / Trend , müxbir A.Hüseynbala /
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT sədri ilə telefonla danışıb.
"ATƏT Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasi üçün səylərini əsirgəməyəcək", - ATƏT-in sədri, Yunanıstanın xarici işlər naziri xanım Dora Bakoyanni Azərbaycanın xarici işlər naziri Məmmədyarovla telefon danışığı zamanı deyib. Bu barədə cümə axşamı Trend -a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Bakoyanni və Məmmədyarov münaqişənin həlli ilə bağlı aparılan son danışıqlar prosesini və növbəti görüşləri müzakirə ediblər. "Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin mövqeyini ATƏT-in sədrinə çatdıran nazir Məmmədyarov vurğulayıb ki, problem yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır", - məlumatda qeyd edilir.
Telefon danışığı zamanı Azərbaycan ilə ATƏT arasında münasibətlər, eləcə də regionda baş verən proseslər müzakirə edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]