Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir E.Tarıverdiyeva /
Vladimir Jirinovskinin "Novosti Armeniya" informasiya agentliyinə müsahibəsində Dağlıq Qarabağ ilə bağlı fikirləri tamamilə Kremlin mövqeyini əks etdirmir. Bu barədə beşinci çağırışda RF Federal Məclisi Dövlət Dumasının deputatı, "Vahid Rusiya" fraksiyasının üzvü Sergey Markov belə hesab edir.
"Vladimir Jirinovski hakimiyyətyönlü məmur deyil, müxalifət partiyasının nümayəndəsidir. O, Rusiya hökuməti və hakimiyyətinin mövqeyini deyil, Dumada minimum faiz qazanan kiçik müxalifət qrupunun mövqeyini əks etdirir", - Trend -a Moskvadan telefonla Markov bildirib. - Jirinovskinin fikrini Rusiya seçicilərinin çox az hissəsi bölüşür".
RF Dövlət Dumasının sədr müavini, Rusiyanın Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski "Novosti Armeniya" informasiya agentliyinə müsahibəsində bildirib ki, Dağlıq Qarabağ qədim Ermənistan ərazisidir. "Əgər biz bu torpaqları Azərbaycana qaytarmağa kömək etsək, bu yenidən Azərbaycan və Ermənistan arasında münaqişə olacaq. Federasiya haqqında, bunun böyük muxtariyyət olacağı barədə danışmaq, elə abxazlar və osetinlərlə bağlı olan həmin məsələ kimidir", - o bildirib.
"Jirinovskinin mövqeyi onun Türkiyə həbsxanasında olmasından bəri məlumdur. O, ermənipərəst, antitürk və antiazərbaycan mövqeyə sahibdir", - Markov belə hesab edir.
"O, qarşılıqlı əlaqədə olduğu RF, ABŞ və Fransadakı erməni biznes-diasporlarının gücünü nəzərə alaraq bunu öz mənfəəti üçün edir. Mənə hər hansı bir konkret ətraflı məlumat məlum deyil, lakin mən münasibətlərin ümumi kontekstini bilirəm və güman edirəm ki, Vladimir Jirinovskinin bu erməniyönlü mövqeyi ona böyük mənfəət verir, onun və partiyasının xeyrinədir", - Markov bildirib.
Markovun sözlərinə görə, Jirinovskinin mövqeyi Kremlin mövqeyi demək deyil.
"Rusiya tərəflərin yaxınlaşması mövqeyinə və maksimum kompromis axtarışlarına sadiq qalır", - o bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]