Azərbaycan, Bakı, 12 oktyabr / Trend , müxbir R.Hafizoğlu/
Dağlıq Qarabağ probleminin həlli Türkiyə Parlamenti və xalqı üçün vacib məsələdir, bu barədə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Mustafa Kabakçı Türkiyənun qanunvericilik orqanında çıxışı zamanı bildirib.
"Ermənistan-Türkiyə protokollarının Türkiyə Parlamentində təsdiqlənməsini proqnozlaşdırmaq hələ tezdir, lakin Azərbaycan xalqı əmin ola bilər ki, Dağlıq Qarabağ məsələsi bütün türk xalqının problemidir", - Trend -a Ankaradan telefonla Kabakçı bildirib.
Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu bu protokolları imzalyıblar.
Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Kabakçının sözlərinə əsasən, Türkiyə ölkənin siyasi kursundan asılı olmayaraq Azərbaycanı əvvəl olduğu kimi yenə dəstəkləyəcək.
"Partiya mənsubiyyətindən asılı olmayaraq, həm liberallar, həm millətçilər, həm islamçılar, Türkiyənin siyasi elitasının bütün nümayəndələri Dağlıq Qarabağ məsələsində vahid mövqedən çıxış edirlər", - o bildirib.
"Dünən öz çıxışında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bir daha qeyd edib ki, Dağlıq Qarabağ problemi həll olunmadan Türkiyə-Ermənistan münasibətlərində ciddi irəliləyiş gözləmək olmaz", - Kabakçı xatırladıb.
"Düşünürəm ki, Türkiyə hökuməti öz vədlərinə əməl edəcək və bəyan etdiyi mövqedə qalacaq", - o bildirib.