...

Ermənistan tərəfinin Kişinyov danışıqlarındakı addımı ümidsizlik yaradır – Azərbaycanın XİN rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Oktyabr 2009 20:10 (UTC +04:00)
Biz Azərbaycan və Ermənistan prezidentlərinin Kişinyovda keçirdikləri son görüşü konstruktiv adlandıra bilmərik, cümə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Trend News-a deyib.
Ermənistan tərəfinin Kişinyov danışıqlarındakı addımı ümidsizlik yaradır – Azərbaycanın XİN rəhbəri

Azərbaycan, Bakı, 16 oktyabr / Trend , müxbir E.Tarıverdiyeva/

Biz Azərbaycan və Ermənistan prezidentlərinin Kişinyovda keçirdikləri son görüşü konstruktiv adlandıra bilmərik, cümə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Trend -a deyib.

Onun sözlərinə görə, dövlət başçılarının son görüşü nikbin olmağa əsas vermir. Çünki Ermənistan tərəfi birdən-birə hələ iki-üç il əvvəl razılaşdırılmış məsələləri müzakirə etməyə başlayıb.

"Biz başa düşürük, qayda var ki, hər şey razılaşdırılmamış, heç nə razılaşdırılmayıb. Amma geri qayıdıb ən azı iki-üç il əvvəl razılaşdırılmış məsələləri yenidən müzakirə etməklə irəliləmək olmaz. Əlbəttə bu da məyusluq yaradır", - Məmmədyarov deyib.

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sarkisyan oktyabrın 9-da Kişinyovda görüşüblər. Bu, dövlət başçılarının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli edilməsi üzrə sayca yeddinci görüşü olub.

Məmmədyarov hesab edir ki, Ermənistan tərəfinin bu addımı regionda baş verən son hadisələrlə - Türkiyə-Ermənistan yaxınlaşması ilə əlaqədardır.

"Yəqin Ermənistan tərəfi belə hesab edir ki, əgər onlarda bu istiqamədə proses gedirsə, onda başqa prosesləri dondurmaq lazımdır", - Azərbaycan XİN-in rəhbəri deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri oktyabrın sonu-noyabrın əvvəllərində regiona gəlməlidirlər. "Onlar Kişinyovda eşitdiklərini başa düşməli və tədqiq edilən obyektiv dinamikanı necə dəstəkləmək barədə düşünməlidirlər. Ən əsası isə Ermənistana artıq qəbul olunmuş məsələləri yenidən açmamağı başa salmaq üçün düzgün arqumentlər tapmalıdırlar. Əks halda bu, sonsuz bir proses olacaq", - Məmmədyarov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti