Azərbaycan, Bakı, 28 oktyabr / Trend , müxbir A.Hüseynbala/
Türkiyə, Prezidenti və Baş nazirinin Dağlıq Qarabağ problemi həll olunmadan Ermənistanla sərhədlərin açılmayacağına dair verdiyi vədinə sadiq qalacaq, Trend -un məlumatına görə, bunu Azərbaycan Parlamentində görüşü zamanı Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyasının sədri Murad Mərcan deyib.
"Azərbaycan xalqını narahat edəcək heç bir məsələ Türkiyə Parlamentində qəbul edilməyəcək. Türkiyənin əsas məqsədi Cənubi Qafqazda sülhə nail olmaqdır. Bu məsələdə Azərbaycanın maraqlarına qarşı addım atılmayacaq", - Mərcan əlavə edib.
Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu arasında Ankara ilə İrəvan arasında diplomatik əlaqələrin bərpası haqqında protokollar imzalanıb.
Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Mərcan bildirib ki, iki dövlətin parlamentlərinin komitələri arasında ildə iki dəfə görüş keçirilməlidir.
"Azərbaycan və Türkiyə parlamentarilərinin növbəti görüşlərinin biri Naxçıvanda keçirilə bilər", - türkiyəli deputat əlavə edib.
Azərbaycanda səfərdə olan nümayəndə heyətinə Türkiyə Parlamentinin Xarici əlaqələr komissiyasının sədri Murad Mərcan (AKP, Əskişəhir millət vəkili), Şaban Dişli (AKP, Sakarya millət vəkili), Zeynəb Dağı (AKP, Ankara millət vəkili), Fevzi Şanverdi (AKP, Hatay millət vəkili), Abdullah Çalışkan (AKP, Kırşehir millət vəkili), Mehmet Çərçi (AKP, Manisa milət vəkili), Əhməd Dəniz Bölükbaşı (MHP, Ankara millət vəkili) və Şenol Bal (MHP, İzmir millət vəkili), səfir Akın Alqan, nazirliyin Qafqaz və Orta Asiya İdarəsinin müdir müavini Ahmet Rza Demirer, TBMM-in Xarici əlaqələr və protokol şöbəsinin əməkdaşları Kürşad Melik Sarıarslan, Bülent Erten, Hatice Er Ars daxildir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]