...

Türkiyəli deputatlarla görüş konstruktiv keçib - azərbaycanlı deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Oktyabr 2009 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatı Türkiyə Böyük Millət Məclisinin (TBMM) xarici əlaqələr komissiyasının üzvləri ilə müzakirələrin normal şəkildə keçdiyini deyib.

"Azərbaycan və Türkiyə parlamentlərinin xarici əlaqələr üzrə qurumlarının qarşılıqlı səfərlərinin çox böyük əhəmiyyəti var", - çərşənbə günü Trend -a Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib.

Trend -un arayışı: Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu arasında Ankara ilə İrəvan arasında diplomatik əlaqələrin bərpası haqqında protokollar imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Paşayevanın sözlərinə görə, bu səfərlər zamanı iki ölkə arasında olan bir çox məsələlər müzakirə edilir.

"Bundan başqa, regiondakı məsələlər də qarşılıqlı olaraq müzakirə edilir. Bu çox önəmlidir, çünki Türkiyə ilə Azərbaycan qardaş ölkə, bir millət iki dövlət olmaqla yanaşı, həm də strateji müttəfiqlərdir və bu regionda baş verən bütün proseslərlə bağlı parlamentlər səviyyəsində qarşılıqlı müzakirələr önəmlidir", - millət vəkili əlavə edib.

Paşayeva deyib ki, müzakirələr zamanı əsas diqqət Türkiyə ilə Ermənistan arasında imzalanan protokollara yönəlmişdi.

"Bildiyiniz kimi, bu protokollar artıq Böyük Millət Məclisinə təqdim olunub. Bu sənədlər ilk növbədə parlamentin xarici əlaqələr komissiyasına göndərilir. Buna görə də həmin komissiya rəhbərinin və üzvlərinin səfəri çox önəmli idi. Müzakirələr zamanı komissiyanın sədri başda olmaqla, üzvləri vurğuladılar ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri azad olunmadan protokollar nə komissiyada, nə də parlamentdə qəbul olunmayacaq", - Paşayeva vurğulayıb.

Millət vəkili deyib ki, xarici əlaqələr komissiyasının rəhbəri Murad Mərcan müzakirələr zamanı bir daha qeyd edib ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da Azərbaycanda verdiyi bəyanatların arxasında durur.

"Mərcan bildirib ki, bu, həmişə belə olacaq və Türkiyə Parlamenti sədrinin mövqeyi də ondan ibarətdir ki, protokollar nə komissiyadan, nə də parlamentdən keçməyəcək. Komissiya sədri Azərbaycan xalqının buna bir daha əmin olmasının vacibliyini vurğulayıb", - Paşayeva deyib.

Onun sözlərinə görə, müzakirələrin sonunda iki ölkənin parlamentləri arasında əlaqələrin davamlı olması barədə təkliflər bir daha dəstəklənib.

"Müzakirələr zamanı Türkiyənin Azərbaycanın mənafeyinə zidd olan heç bir addım atmayacağı barədə fikirlərimizi bir daha bəyan etdik", - çərşənbə günü Trend -a Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komissiyasının Milliyyətçi Hərəkat Partiyasından olan üzvü Şenol Bal bildirib.

Balın sözlərinə görə, Türkiyə və Azərbaycan regionun ən nüfuzlu dövlətləridir. "Müzakirələr zamanı qeyd etdik ki, regionda baş verən proseslərin bu iki dövlətin mənafelərinə uyğun olması üçün hər iki dövlət eyni mövqedən çıxış etməlidir", - millət vəkli əlavə edib.

Türkiyənin müxalifət partiyasının üzvü deyib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə həll olunmadan Türkiyə ilə Ermənistan arasında imzalanan protokollar özünün də üzvü olduğu komissiyadan keçə bilməz.

"Əgər Türkiyə Parlamentində bu məsələ müzakirəyə çıxarılarsa, biz bütün Türkiyə ictimaiyyətini bunun qarşısının alınması üçün səfərbər edəcəyik", - Bal əlavə edib.

Türkiyəli deputatın fikrincə, iki dövlət arasında nifaq salmağa cəhd edən qüvvələrə bu imkanı vermək olmaz. "Buna görə də iki ölkə parlamentarilərinin görüşlərinin tez-tez keçirilməsi çox əhəmiyyətlidir", - Bal xatırladıb.

Azərbaycanda səfərdə olan nümayəndə heyətinə Türkiyə Parlamentinin Xarici əlaqələr komissiyasının sədri Murad Mərcan (AKP, Əskişəhir millət vəkili), Şaban Dişli (AKP, Sakarya millət vəkili), Zeynəb Dağı (AKP, Ankara millət vəkili), Fevzi Şanverdi (AKP, Hatay millət vəkili), Abdullah Çalışkan (AKP, Kırşehir millət vəkili), Mehmet Çərçi (AKP, Manisa milət vəkili), Əhməd Dəniz Bölükbaşı (MHP, Ankara millət vəkili) və Şenol Bal (MHP, İzmir millət vəkili), səfir Akın Alqan, nazirliyin Qafqaz və Orta Asiya İdarəsinin müdir müavini Ahmet Rza Demirer, TBMM-in Xarici əlaqələr və protokol şöbəsinin əməkdaşları Kürşad Melik Sarıarslan, Bülent Erten və Hatice Er Ars daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti