...

Amerika Azərbaycanlıları Şurası ABŞ Konqresinin Dağlıq Darabağdakı separatçı rejimə maliyyə yardımı ayırmasına etiraz edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Dekabr 2009 11:28 (UTC +04:00)
Amerika Azərbaycanlıları Şurasının (AAŞ) bəyanatında qeyd edilir ki, Konqresin bu qərarı Azərbaycanın ərazi bütövlüyünü tanıyan ABŞ dövətinin rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir.
Amerika Azərbaycanlıları Şurası ABŞ Konqresinin Dağlıq Darabağdakı separatçı rejimə maliyyə yardımı ayırmasına etiraz edir

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir A.Hüseynbala/

Amerika Azərbaycanlıları Şurası (AAŞ) ABŞ Konqresinin Dağlıq Darabağdakı separatçı rejimə maliyyə yardımı ayırmasına etiraz edir.

"Etiraz məktubunda kəskin iqtisadi böhranın davam etdiyi, işsizliyin miqyasının sürətlə artdığı bir vaxtda amerikalı konqresmenlərin bir milyondan çox azərbaycanlını öz evlərindən didərgin salan, etnik təmizləmə siyasəti aparan rejimə maliyyə yardımı ayırmasından ciddi narahatlıq ifadə olunur", - cümə axşamı Trend -a Diasporla İş üzrə dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Trend -un arayışı: Dekabrın 8-də ABŞ Konqresinin SenatNümayəndələr Palatası üzvlərinin birgə konfransında ABŞ dövlət qurumlarının 2010-cu maliyyə ili üzrə büdcələri barədə ümumiləşdirilmiş qanun layihəsi qəbul edilib.

AAŞ hesab edir ki, ABŞ Konqresinin bu qərarı ölkənin Azərbaycan və Cənubi Qafqazdakı mövqelərinə də zərbə vurur. "Bununla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə xələl gətirir. Bunlar azmış kimi ABŞ-ın qanunverici orqanı hərbi yardımla Azərbaycanla Ermənistan arasında paritetin saxlanılmasına da qərar verib, halbuki bu, ölkənin xarici siyasət kursuna ziddir", - sənəddə vurğulanır.

AAŞ xatırladır ki, 11 sentyabr hadisələrindən sonra Azərbaycan ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri olaraq qalır, bir sıra regionlarda aparılan sülhməramlı əməliyyatlara öz dəstəyini verməkdə davam edir.

Bəyanatın sonunda Amerika azərbaycanlıları ABŞ konqresmenlərinə müraciət edərək onları balanslaşdırılmış mövqe tutmağa, etnik lobbilərin təsiri altında Azərbaycana qarşı ədalətsiz münasibətə son qoymağa çağırır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti