...

Brüsseldə Xocalı faciəsinin 18-ci ildönümü qeyd edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2010 16:58 (UTC +04:00)
Fevralın 26-da Brüsseldə beynəlxalq mətbuat mərkəzində Azərbaycanın Belçikadakı Səfirliyi, Avropa İttifaqı və NATO yanında nümayəndəlik tərəfindən Xocalı faciəsinə həsr olunmuş seminar təşkil olunub.Bu barədə səfirliyin məlumatında deyilir.
Brüsseldə Xocalı faciəsinin 18-ci ildönümü qeyd edilib

Azərbaycan, Bakı, 27 fevral / Trend /

Fevralın 26-da Brüsseldə beynəlxalq mətbuat mərkəzində Azərbaycanın Belçikadakı Səfirliyi, Avropa İttifaqı və NATO yanında nümayəndəlik tərəfindən Xocalı faciəsinə həsr olunmuş seminar təşkil olunub.Bu barədə səfirliyin məlumatında deyilir. Azərbaycanın Belçikadakı Fövqəladə və Səlahiyyətli səfiri Emin Eyubov iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırıb. Daha sonra səfir seminar iştirakçılarına erməni terrorçulrının 18 il öncə törətdiyi soyqırım aktı barədə məlumat verib və həmçinin dünya ictimaiyyətini Xocalı faciəsi barədə məlumatlandırmaq və onun dünya səviyyəsində tanınması məqsədilə İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş koordinatoru Leyla Əliyeva tərəfindən təsis edilən "Xocalıya Ədalət" beynəlxalq informasiya və təşviqat kampaniyasının töhvəsinin əhəmiyyətini qeyd edib.

Tədbirdə iştirak edən NATO yanında Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Kamil Xasiyev ermənilər tərəfindən törədilən Xocalı faciəsini insanlığa qarşı törədilən ən ağır cinayət kimi qiymətləndirib və dünya ictimaiyyətinin bu fakta qarşı ədalətli münasibətinin vacibliyini qeyd edib.

Daha sonra Azərbaycanın Brüsseldəki Kommunikasiya ofisinin rəhbəri Müslüm Məmmədov "Justice for Khojaly"nın veb saytının təqdimatını keçirib və "Xocalıya ədalət" kampaniyası barədə ətraflı məlumat verib. Tədbir zamanı "Justice for Khojaly" klipi nümayiş olunub. Seminardan sonra tədbir iştirakçıları Heydər Əliyev Fondu və "Xocalıya Ədalət" beynəlxalq kampaniyası tərəfindən hazırlanan Xocalı haqqında informasiya materialları və rəsmlərlə tanış olmaq imkanı əldə ediblər. Seminar iştirakçıları "Xocalıya Ədalət" kampaniyası çərçivəsində hazırlanan və dünya liderlərinə ünvanlanan ərizəyə imza atıblar.

Tədbirdə Belçika ictimaiyyətinin nümayəndələri, xarici ölkə səfirləri və doplomatlar, qeyri-hökümət təşkilatlarının nümayəndələri, Azərbaycan Diasporasının nümayəndələri və Belçikada təhsil alan azərbaycanlı tələbələr iştirak edib.

Bununla yanaşı, səfirlik tərəfindən hazırlanan xüsusi informaiya arayışı Belçikanın rəsmi strukturlarına ünvanlanıb və səfirliyin veb-saytına yerləşdirilib.

Azərbaycan-Belçika Dostluq Cəmiyyəti və Dünya Azərbaycanlıları Birliyi həmçinin Avropa Şurası İnstitutları qarşısında yürüş keçiriblər. Yürüş iştirakçıları ermənilər tərəfindən törədilən amansız hərəkətləri pisləyib, bu hərəkətlərdə günahkar olanların cəzalarına çatmalarını tələb ediblər, həmçinin "Xocalıya Ədalət" çağırışı ilə Ermənistandan Azərbaycan torpaqlarının qaytarılmasını tələb ediblər və dünya ictimayiyyətini baş vermiş hadisəyə göz yummamağa çağırıblar.

"Xocalıya Ədalət" kampaniyası çərçivəsində paylanmış köynəklər geymiş mitinq iştirakçıları Brüssel sakinlərinə müvafiq broşuralar paylayıb və dünya liderlərinə ünvanlanmış ərizəni imzalayıblar.

Diaspor təşkilatlarına, Avropa Parlamentinin üzvlərinə, Belçika senator və Deputatlarına "Xocalıya Ədalət" kampaniyasına qoşulmağa dair çağırış məktubu göndərilib.

Həmin gün Brüsseldə Fatih məscidində Xocalı faciəsi qurbanlarının xatirəsinə dualar oxunub.

Xəbər lenti

Xəbər lenti