Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir A.Hüseynbala/
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu Dağlıq Qarabağ həqiqətlərinin milli və beynəlxalq QHT-lər vasitəsilə dünya ictimaiyyətinə çatdırılması üçün layihə həyata keçirəcək.
"Bu layihə Dağlıq Qarabağ həqiqətlərinin QHT-lər vasitəsilə ardıcıl və sistemli olaraq beynəlxalq ictimaiyyətə çatdırılmasına yeni stimul verəcək və bu istiqamətdə mövcud olan boşluqların aradan qaldırılmasına müsbət təsir göstərəcək", - cümə axşamı Trend Beynəlxalq Xəbərlər Şirkətində keçirilən tədbirdə Milli QHT Forumunun rəhbəri Rauf Zeyni bildirib.
Zeyninin sözlərinə görə, layihənin həyata keçirilməsi zamanı milli QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanları artacaq. "Bu, Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına da ciddi təsir göstərəcək", - Forum rəhbəri əlavə edib.
Zeyni deyib ki, Milli QHT Forumunun ofisində Dağlıq Qarabağ Mərkəzi də yaradılacaq. "Bu mərkəz vasitəsilə Dağlıq Qarabağ həqiqətlərinin mütəmadi olaraq beynəlxalq ictimaiyyətə çatdırılması təmin olunacaq", - forum rəhbəri vurğulayıb.
Layihə Milli Qeyri-Hökumət Təşkilatları Forumu tərəfindən maliyyələşdiriləcək.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.