Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycan artıq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı alternativ yollar axtarır, - Trend-in məlumatına görə, cümə günü jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
"Azərbaycan adekvat addımlar atır. Hazırda antiamerikan təbliğatı, antiamerikan çıxışlar ilk növbədə, işğalçı siyasət aparan Ermənistanı dəstəkləyən ABŞ Konqresi və hakimiyyətinə yönəlib", - Həsənov deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Həsənovun sözlərinə görə, Azərbaycan ABŞ-ın sülhyaratma missiyasında onunla bir yerdə olub, az qala, müsəlman ölkələri ilə münasibətlərini pisləşdirib, enerji məsələlərində ABŞ-ın maraqlarını nəzərə alıb.
"Biz ABŞ-a dəfələrlə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll edən üç ölkədən biri olduğunu demişik. Ermənistanı düşdüyü çətin vəziyyətdən çıxarılmasında diqqətli olmağa çağırmışıq. Bu mənada son zamanlar Azərbaycan ictimaiyyətində, mətbuatında, parlamentarilər arasında haqlı narazılıqlar var", - Həsənov əlavə edib.