...

Azərbaycanın Hərbi Doktrinası ölkə Konstitusiyasına və BMT Nizamnaməsinə uyğun gəlir – ekspertlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 İyun 2010 18:44 (UTC +04:00)
Azərbaycanın Hərbi Doktrinası ölkə Konstitusiyasına və BMT Nizamnaməsinə uyğun gəlir – ekspertlər

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir E.Tarıverdiyeva/

Xarici müşahidəçilər tərəfindən birmənalı şəkildə qarşılanmayan Azərbaycanın Hərbi Doktrinası nəinki ölkə Konstitusiyası, eləcə də BMT Nizamnaməsi ilə uzlaşır. Ekspertlər belə hesab edirlər.

Təcavüzün dəf edilməsi hüququ BMT Nizamnaməsində yazılıb və quruma üzv ölkələr bu sənədə tabedirlər. Odur ki, Azərbaycan Konstitusiyası ilə Hərbi Doktrina arasında real və ya zahiri fərq o qədər də vacib deyil. "Heritage Foundation"un Rusiya, Avrasiya və beynəlxalq enerji təhlükəsizliyi məsələləri üzrə aparıcı eksperti Ariel Koen belə hesab edir.

Sənədin bəndlərindən birində deyilir ki, Azərbaycan, hərbi güc də daxil olmaqla, bütün zəruri vasitələrdən istifadə edərək, özünün zəbt olunmuş ərazilərini işğaldan azad edə, ərazi bütövlüyünü və suverenliyini bərpa edə bilər.

Azərbaycan Parlamenti iyunun 8-də növbədənkənar iclasda Hərbi Doktrinanı qəbul edib.

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan hesab edir ki, parlament tərəfindən təsdiq olunan Azərbaycanın Hərbi Doktrinası bu ölkə Konstitusiyasına ziddir; işğal olunmuş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpası üçün güc tətbiq edilməsi mümkünlüyü barədə düzəliş qeyri-konstitusiondur - xüsusi maddə var ki, məsələlərin müharibə və ya hərbi yolla həllini istisna edir".

Konstitusiyanın 9-cu maddəsində deyilir ki, Azərbaycan digər dövlətlərin müstəqilliyinə qəsd və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibədən imtina edir. Lakin Dağlıq Qarabağ münaqişəsi buna aid edilə bilməz, çünki bu, daxili münaqişədir.

Koenin sözlərinə görə, əlbəttə, Azərbaycan Konstitusiyası bu təbii hüququn ləğvini nəzərdə tutmur. Xüsusən də Dağlıq Qarabağ dünyanın heç bir ölkəsi tərəfindən tanınmayıb.

"Beləliklə, əgər nəsə baş verərsə, bu, Qarabağa görə gələcək münaqişə baxımından suverenliyin bərpası üzrə əməliyyat olacaq, erməni qoşunlarının iştirak edəcəyi halda isə, bu, BMT nizamnaməsi çərçivəsində özünümüdafiə olacaq", - Koen deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Azərbaycan millət vəkili Zahid Orucun fikrincə, Azərbaycanın Hərbi Doktrinası ölkənin ərazi bütövlüyünün bərpasına yönəlib.

"Azərbaycan ərazisinin 20 faizi işğal altındadır və doktrinada ölkənin ərazi bütövlüyünün təminatı üzrə silahlı qüvvələrə tələblər olmalıdır", - Trend-ə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc bildirib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının vahid ölkədə yaşamaq üçün hüquqları var. "Bu hüququ BMT və digər beynəlxalq təşkilatların sənədləri təmin edir", - parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü deyib.

Türkiyəli hərbi ekspert Bahadır Koç belə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi heç vaxt beynəlxalq münaqişə statusuna malik olmayıb.

"Azərbaycanın hüququ var, o cümlədən konstitusiya hüququ var ki, öz ərazisində istənilən əməliyyatı keçirsin", - Trend-ə elektron poçtla Koç deyib.

Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanın Hərbi Doktrinası ilə Azərbaycan Konstitusiyasının maddəsi arasında ziddiyyət tapmaq cəhdi bölgədə vəziyyətin Azərbaycanın xeyrinə dəyişməsi ilə bağlıdır.

"İqtisadi və hərbi potensialına görə Azərbaycan bölgənin digər ölkələrini çox qabaqlayır və bu, Ermənistanı narahat edir", - Koç deyib.

Koenin fikrincə, Azərbaycanın istənilən digər ölkə kimi suverenlik və ərazi bütövlüyü uğrunda mübarizə etməyə haqqı var.

"Fikrimcə, 1988-1994-cü illərdə hərbi münaqişə nəticəsində Azərbaycan ərazisinin davam edən işğalı suverenlik və ərazi bütövlüyünün bərpa olunması üçün güc tətbiq edilməsi hüququnu özündə saxlayır", - Koen deyib.

Materialın hazırlanmasında M.Əliyev, R.Hafizoğlu iştirak edib.

Xəbər lenti

Xəbər lenti