...

Fransa Dağlıq Qarabağın de-fakto hakimiyyət strukturları ilə əlaqə saxlamır – dövlət katibi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyul 2010 17:30 (UTC +04:00)
Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövqeyi birmənalıdır.
Fransa Dağlıq Qarabağın de-fakto hakimiyyət strukturları ilə əlaqə saxlamır – dövlət katibi

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir S.Ağayeva/

Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövqeyi birmənalıdır: rəsmi Paris Azərbaycanın beynəlxalq surətdə tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü tanıyır, eləcə də Ermənistan da daxil olmaqla, bütün digər ölkələr kimi Dağlıq Qarabağın müstəqilliyini tanımır və hökumət bu mövqeyini dəfələrlə bəyan edib. Bu barədə Fransanın dövlət katibi Herve Noveli bəyan edib. Bu barəd-ə Trendə cümə günü Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.

Noveli Fransa Senatının xarici işlər və müdafiə məsələləri üzrə komissiyanın üzvü Natali Qulenin Senat çərçivəsində mövcud olan "Hökumətə suallar" proseduru çərçivəsində xarici işlər və Avropa məsələləri nazir Bernar Kuşnerə ünvanladığı "Fransanın qondarma Dağlıq Qarabağ respublikasının Fransada təmsil olunmasına münasibəti" başlıqlı sualını cavablandırarkən bildirib ki, Fransa Dağlıq Qarabağın de-fakto hakimiyyət qurumları ilə heç bir əlaqə saxlamır və özünü bəyan etmiş bu ərazi vahidi Fransa hökuməti yanında akkreditə olunmuş heç bir təmsilçiliyə malik deyil. Dövlət katibi yalnız Azərbaycan hakimiyyət qurumları tərəfindən tanınan Minsk qrupunun fransalı həmsədri Bernar Fasyenin Dağlıq Qarabağa səfər edərək orada de-fakto hakimiyyət qurumları ilə görüşmək üçün icazəli olduğunu bildirib.

Noveli onu da qeyd edib ki, bu yaxınlarda Fransa Milli Assambleyasının bir neçə üzvünün Dağlıq Qarabağa səfər etməsi yalnız onların öz məsuliyyətinə aid olan məsələdir və Fransanın mövqeyinə qətiyyən dəlalət etmir.

Qule Fransa Senatı çərçivəsində fəaliyyət göstərən Qafqazla dostluq qrupunun üzvüdür.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti