...

Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olmaması ilə bağlı narahatedici işarələr var – Azərbaycan XİN rəhbəri (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Oktyabr 2010 15:17 (UTC +04:00)
RED. əlav.: Azərbaycan xarici işlər nazirinin sözləri əlavə olunub
Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olmaması ilə bağlı narahatedici işarələr var – Azərbaycan XİN rəhbəri (ƏLAVƏ OLUNUB)

RED. əlav.: Azərbaycan xarici işlər nazirinin sözləri əlavə olunub

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir S.Ağayeva/

Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olmaması ilə bağlı narahatedici işarələr mövcuddur. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Şimali Atlantika Şurasında 28+1 formatında keçirilən iclasdakı çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, Azərbaycan və beynəlxalq vasitəçilərin bütün səylərinə baxmayaraq, Ermənistan danışıqlarda son dərəcə qeyri-konstruktiv mövqe tutmaqla qoşunların təmas xəttində insidentlərə təhrik etməkdə davam edir. Məlumatı Azərbaycan XİN-in mətbuat xidməti yayıb.

"Azərbaycan tərəfi Azərbaycanın işğal olunmuş ərazilərində və təmas xəttinə yaxın olan rayonlarında insan tələfatı riskinin azalması üçün atəşkəs rejiminin gücləndirilməsini vacib hesab edir", - nazir deyib.

"Bizim vəziyyətimiz hal hazırda çox həssasdır, - o qeyd edib. - Məsələ tək Ermənistanın ATƏT-in Minsk qrupunun təklifini qəbul edib- etməməsi deyil. Bu Ermənistanın həqiqətən hər hansı bir şərt altında və hər hansı bir formada mövcud status-kvonun dəyişmək niyyətində olub olmamasıdır". 

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

"Bizdə şübhələr yaranmağa başlayır. Ermənistanın münaqişənin sülh yolu ilə həllində maraqlı olmaması ilə bağlı bir çox narahatedici işarələr mövcuddur. Ermənistan sülh prosesindəki destruktiv mövqeyini gündəlik əsasda davam etdirir. Ermənistan işğal olunmuş ərazilərdə yaşayış məntəqələrinin artmasını dəstəkləyir, işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni və tarixi irsi sistematik şəkildə dağıdılır, zorakılıq nəticəsində qovulmuş azərbaycanlı əhalinin mülkiyyəti mənimsənilir, işğal olunmuş ərazilərin guya "tarixən erməni" olması iddialarının əsaslandırılmasına yönəlmiş qeyri-qanuni arxeoloji qazıntılar aparılır, erməni xəritələrində işğal olunmuş ərazilər, o cümlədən Dağlıq Qarabağın ətrafında yerləşən ərazilər Ermənistanın hissəsi kimi göstərilir", - Məmmədyarov vurğulayıb.

"Digər sözlərlə desək, Ermənistan Azərbaycanın işğal etdiyi əraziləri ilə bağlı vəziyyəti çıxılmaz hala salmağa çalışır", - nazir qeyd edib.

Nazirin fikrincə, bu təxribat xarakterli əməllər münaqişə üzrə danışıqlar prosesini yalnız yubadır.

"Son zamanlar güc tətbiq olunmaması vacibliyi ilə bağlı Ermənistan tərəfindən təbliğat xarakterli söhbətlər aparılır. Qonşumuz Azərbaycanın ərazi bütövlüyünə qarşı güc tətbiq edərək, Azərbaycanın böyük bir hissəsini işğal edib, yüz minlərlə azərbaycanlını öz torpaqlarından deportasiyaya mətuz qoyub. Ermənistan işğal etdiyi ərazilər, o cümlədən Dağlıq Qarabağ ətrafındakı ərazilərə nəzarəti saxlamaq məqsədi ilə güc istifadə etməkdə davam edir və bununla da məcburi köçkünlərin öz evlərinə qayıtmalarına maneə olur. Ermənistan tərəfindən davamlı şəkildə gücün istifadə edilməsi Azərbaycan və beynəlxalq ictimaiyyət üçün problem yaradır", - Məmmədyarov qeyd edib.

"Beynəlxalq ictimaiyyət davamlı şəkildə gücün istifadə edilməsinin qəbul olunmazlığını birmənalı şəkildə bəyan etməli və münaqişənin tez bir zamanda sülh yolu ilə həll olunmasını dəstəkləməlidir", - Azərbaycan XİN rəhbəri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti