Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir V.Javoronkova/
Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllində öz sözünü deməli və nizamlanma prosesində daha mühüm rol oynamalıdır. Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsini müdiri Elnur Aslanov belə hesab edir.
"Azərbaycandakı yeni nəslin münaqişəyə öz baxışı formalaşıb və ermənilərlə birgə yaşayış prinsipi ondan uzaqdır. Bu problem nə qədər çox, həm də radikal olaraq uzanarsa, onu həll etmək o qədər çətin olacaq", - Aslanov cümə axşamı Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi "Azərbaycan və Şərq tərəfdaşlığı: Regional çağırışlar və yeni imkanlar" adlı Cənubi Qafqazda təhlükəsizlik üzrə forumda deyib.
"Hazırda münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur, lakin biz istərdik ki, Avropa İttifaqı da problemin həllində öz sözünü desin və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha vacib rol oynasın", - o, əlavə edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Onun sözlərinə görə, Azərbaycan münaqişənin uzanmasında maraqlı deyil, Ermənistanın siyasəti isə bu problemin həllinin süni şəkildə uzadılmasından, bununla da sülhün bərqarar olmasına mane olmaqdan ibarətdir.
"Dağlıq Qarabağ Azərbaycana məxsus olub, məxsusdur və məxsus olacaq. Və bunu, həyata keçirilməli olan beynəlxalq hüquq pinsipləri təsdiq edir", - Aslanov deyib.