...

Xocalı soyqırımının ildönümü Dnepropetrovsk şəhərində qeyd olunub (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Fevral 2011 17:13 (UTC +04:00)
Xocalı soyqırımının 19-cu ildönümü Ukraynada qeyd olunub.
Xocalı soyqırımının ildönümü Dnepropetrovsk şəhərində qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir T.Hacıyev/

Xocalı soyqırımının 19-cu ildönümü Ukraynada qeyd olunub. Ukrayna Azərbaycanlıları Gənclər Birliyindən (UAGB) bazar ertəsi Trend-ə verilən məlumata görə, Dnepropetrovsk şəhərində Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı İslam Konfransı Gənclər Forumunun, UAGB-nin və Dnepropetrovsk Azərbaycanlıları Konresinin birgə təşkilatçılığı ilə küçə yürüşü və anım mərasimi keçirilib.

UAGB-nin Dnepropetrovsk vilayət təşkilatının fəalları Xocalı qurbanlarının anım mərasiminə Dnepropetrovsk şəhərinin mərkəzi küçə və meydanlarında keçirdikləri "Xocalıya ədalət" yürüşü ilə qatılıblar. Dnepropetrovsk vilayət və şəhər rəsmilərinin və bir çox xalqların diaspor rəhbərlərinin iştirakı ilə keçirilən anım mərasimində Dnepropetrovsk Azərbaycanlıları Konqresinin sədri Qüdrət Hacıyev, Dnepropetrovsk şəhər merinin milli məsələlər üzrə müşaviri Hafiz Aslanov, Azərbaycan səfirliyinin diplomatı Yeganə Qafqazlı, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Rauf İbrahimov və digər soydaşlarımız çıxış edərək 19 il bundan öncə Xocalı şəhərində törədilmiş vəhşilikləri erməni daşnaklarının son 2 əsrdə Azərbaycan xalqına qarşı həyata keçirtdikləri mərhələli soyqırım siyasətinin tərkib hissəsi adlandırıblar.

Sonra tədbir iştirakçıları "Erməni terroru" sənədli filminə baxmaqla ermənilərin müxtəlif dövrlərdə Azərbaycanda həyata keçirdikləri qanlı cinayətlərlə tanış olublar. Filmə baxdıqdan sonra çıxış edən Dnepropetrovsk vilayətində fəaliyyət göstərən Yunan diasporunun sədri Camal Saqirov, Polyak cəmiyyətinin sədri Antoni Yanovski, "Boris Fen" jurnalının baş redaktoru Fidel Suxanis və digər xalqların diaspor rəhbərləri ermənilərin Xocalı şəhərində törətdiyi qəddarlıq aktını Azərbaycan xalqına qarşı əsl soyqrım siyasəti kimi səciyyələndiriblər. Beynəlxalq təşkilatların indiyədək insanlığa qarşı yönəlmiş belə bir bəşəri cinayətə hüquqi siyasi qiymət verməməsindən təəssüfləndiklərini bildiriblər.

"Ermənilər Xocalı soyqırımına görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər", - fikri ilə çıxışına başlayan Dnepropetrovsk vilayət Radasının deputatı Fəxrəddin Muxtarov Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi ilə bağlı məsələnin təmsil olunduğu parlamentin gündəliyinə çıxarılacağını bildirib.

Mərasimdə çıxış edən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov, birliyin Dnepropetrovsk təşkilatının sədri Elza Bəkirova və digər gənclər aradan 19 il keçməsinə baxmayaraq, Xocalı soyqırımına ikili standart prizmasından yanaşan beynəlxalq təşkilatları tarixi ədalətə səsləyiblər. Sonra tədbirin təşkilatçıları mərasimə qatılan aparacı televiziya və KİV-lərə Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat və müsahibələr veriblər.

1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndində yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşaiyət olunan soyqırım aktı həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndindən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus olan silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verilib.

Xəbər lenti

Xəbər lenti