...

Soçi görüşü zamanı Ermənistan cəbhənin 10-a yaxın istiqamətində atəşkəsi pozmaqla təxribata əl atıb - Azərbaycan Müdafiə Nazirliyi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Mart 2011 12:39 (UTC +04:00)
Münaqişənin sülh yolu ilə həll edilməsinə maraq göstərən dövlətlər, xüsusilə Minsk qrupu Ermənistanın bu qeyri-konstruktiv fəaliyyətini diqqətə almalıdırlar.
Soçi görüşü zamanı Ermənistan cəbhənin 10-a yaxın istiqamətində atəşkəsi pozmaqla təxribata əl atıb - Azərbaycan Müdafiə Nazirliyi

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir K.Zərbalıyeva/

Münaqişənin sülh yolu ilə həll edilməsinə maraq göstərən dövlətlər, xüsusilə Minsk qrupu Ermənistanın bu qeyri-konstruktiv fəaliyyətini diqqətə almalıdırlar. Bunu çərşənbə günü Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib.

"Əks təqdirdə bir anın içərisində hər şey dəyişə bilər və bunun qarşısını almaq olduqca çətinləşər", - Sabiroğlu deyib.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, Ermənistan hər dəfə yüksək səviyyəli görüşdən ya əvvəl, ya da sonra hansısa təxribata əl atmaqla sülh danışıqlarını pozmağa çalışır. Artıq bunun ənənə halını aldığını deyən nazirlik sözçüsü bildirib ki, prezidentlərin Soçi görüşü zamanı Ermənistan silahlı qüvvələri cəbhənin 10-a yaxın istiqamətində atəşkəs rejimini pozaraq, avtomat və digər iri çaplı silahlardan mövqelərimizi atəşə tutublar.

"Bütün bunların təsadüfən baş verdiyini düşünmək sadəlövhlük olardı. Burada Ermənistan hakimiyyətinin və hərbi rəhbərliyinin rolu danılmazdır. Hər şey bilavasitə onların tapşırığı ilə yerinə yetirilir. Bu, bəllidir və biz bununla yeni nəsə demirik", - Sabiroğlu deyib.

Martın 8-də Ağdam rayonunda 10 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsi faktına toxunan Sabiroğlu bildirib ki, son vaxtlar Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini də mütəmadi atəş altında saxlayır və dinc əhaliyə qarşı müxtəlif silahlardan istifadə edirlər.

"Martın 8-də saat 16:58-də düşmənin Ağdam rayonunun işğal altındakı Şıxlar kəndi istiqamətindən snayperdən açdığı atəş nəticəsində Orta Qərvənd kənd sakini, 2002-ci il təvəllüdlü Bədəlov Fariz Arif oğlu başından yaralanıb və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onlar üçün körpə, qoca, qadın olmasının fərqi yoxdur. Xocalı faciəsində onlarla belə körpənin qatilinə çevrilmiş Seyran Ohanyan və digərləri görəsən nə vaxt uşaqlara güllə atmaq, onları öldürmək kimi vəhşi bir fikirdən daşınacaqlar? Deyəsən, düşmən hələ də körpə qatili olmaqdan usanmayıb, doymayıb. Ancaq nə qədər çətin olsa da, Azərbaycan Silahlı Qüvvələri cəbhədə vəziyyətin kəskinləşməməsi üçün cavab atəşi açmadı. Biz mürəkkəbi hələ qurumamış vədlərə belə tezliklə xilaf çıxmamaq üçün bu addımı atdıq. Ancaq uşaq qatilləri bilməlidirlər ki, bu vəhşiliklər hər dəfə ağır nəticələr verir", - nazirlik sözçüsü deyb.

Xəbər lenti

Xəbər lenti