...

Prezidentlərin Soçi görüşü Dağlıq Qarabağ münaqişəsinin həllində gələcək danışıqlar üçün qapılar açıb - ATƏT sədri (ƏLAVƏ OLUNUB) (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Mart 2011 19:04 (UTC +04:00)
Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev , Dmitri Medvedev və Serj Sarkisyanın Soçi görüşü Dağlıq Qarabağ münaqişəsinin həllində gələcək danışıqlar üçün qapılar açıb.
Prezidentlərin Soçi görüşü Dağlıq Qarabağ münaqişəsinin həllində gələcək danışıqlar üçün qapılar açıb - ATƏT sədri (ƏLAVƏ OLUNUB) (FOTO)

Təfərrüatlar əlavə olunub, başlıq dəyişdirilib (ilk xəbər 18:00-da dərc edilib)

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir S.Ağayeva/

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın Soçi görüşü Dağlıq Qarabağ münaqişəsinin həllində gələcək danışıqlar üçün qapılar açıb. Trend-in məlumatına görə, bu barədə ATƏT sədri Audronyus Ajubalis Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə mətbuat konfransında deyib.

Ajubalisin sözlərinə görə, hazırda əsas məsələ danışıqların irəliləməsinə mane olan əngəllərin aradan qaldırılmasıdır.

"Litvanın ATƏT-dəki sədrliyinin prioritetlərindən biri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır və bu məsələ bu gün Azərbaycan rəsmiləri ilə müzakirə edilib", - Ajubalis qeyd edib.

Onun sözlərinə görə, hazırda ATƏT-in bütün üzv ölkələri münaqişə ilə bağlı mövqelərini açıq şəkildə bildirməlidir. Ajubalis münaqişə tərəflərini snayperləri cəbhə xəttindən çıxarmağa çağırıb.

Martın 5-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü keçirilib. Danışıqların yekunları üzrə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair birgə bəyannamə qəbul edilib.

Sənəddə qeyd edildiyinə görə, liderlər 2010-cu il oktyabrın 27-də Həştərxanda qəbul etdikləri üçtərəfli bəyannamənin praktiki surətdə həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Xüsusilə, prezidentlər qısa müddət ərzində hərbi əsirlərin mübadiləsini başa çatdırmaq barədə razılığa gəliblər. Bundan başqa, sənəddə "bütün mübahisəli məsələləri dinc vasitələrlə həll etmək və atəşkəs xətti yaxınlığında mümkün insidentlərin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin köməyi ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında tərəflərin iştirakı ilə araşdırılmasının aparılması" səyləri qeyd edilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti