...

ATƏT-in qiymətləndirmə missiyasının hesabatı Azərbaycana təqdim edilib (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Mart 2011 16:57 (UTC +04:00)
ATƏT-in qiymətləndirmə missiyasının Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı hesabatı Azərbaycan tərəfinə təqdim edilib.
ATƏT-in qiymətləndirmə missiyasının hesabatı Azərbaycana təqdim edilib (ƏLAVƏ OLUNUB)

Birinci abzasdan sonra fransalı həmsədrin sözləri əlavə olunub (ilk xəbər 16:20-də dərc edilib)

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir V.Javoronkova/

ATƏT-in qiymətləndirmə missiyasının Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı hesabatı Azərbaycan tərəfinə təqdim edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Bakıdan getməzdən əvvəl ATƏT-in fransalı həmsədri Bernar Fasye deyib.

"ATƏT-in Minsk qrupu qiymətləndirmə missiyasının işğal edilmiş ərazilər üzrə hesabatını bütün tərəflərin onun məzmunu ilə tanış olmayanadək dərc etdirməmək qərarına gəlib. Hesabat hələ ki Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilib. O, digər tərəf kimi hesabatla tanış olmalıdır, bundan sonra həmsədrlər və münaqişə tərəfləri növbəti görüşlər zamanı onun məzmununu müzakirə edəcəklər", - Fasye bildirib.

Azərbaycanın təşəbbüsü ilə ATƏT-in qiymətləndirmə missiyası 2010-cu il oktyabrın əvvəlində ölkənin işğal edilmiş ərazilərində vəziyyəti öyrənib.

Həmsədrlər prezidentlərin Soçi görüşündən əvvəl və sonra orada imzalanan bəyannamə əsasında təmas xəttində insidentlərin araşdırılması üsulunu da müzakirə ediblər.

"Biz azyaşlı uşağın öldürülməsi ilə bağlı insident barədə öyrənən kimi rəsmi məlumat yaydıq və bizim araşdırmamız artıq başlayıb. Bununla öz komandası ilə birgə ATƏT-in xüsusi nümayəndəsi Anji Kaspşik məşğul olur", - Fasye bildirib.

Onun sözlərinə görə, bu araşdırmalar davam edir və onun yekunları barədə danışmaq hələ ki tezdir.

"Biz həmişə atəşkəs rejiminin möhkəmləndirilməsinin vacibliyi barədə danışmışıq. Artıq iki ildir həmsədrlər qoşunların təmas xəttindən snayperlərin çıxarılmasında təkid edirlər. Bu xahiş yerinə yetirilsəydi, belə insident baş verməzdi", - vasitəçi qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri Soçidə martın 5-də üçtərəfli görüş keçirib. Danışıqların yekunları üzrə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə birgə bəyannamə qəbul edilib.

Sənəddə qeyd edildiyinə görə, liderlər 2010-cu il oktyabrın 27-də Həştərxanda qəbul etdikləri üçtərəfli bəyannamənin praktiki surətdə həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Xüsusilə, prezidentlər qısa müddət ərzində hərbi əsirlərin mübadiləsini başa çatdırmaq barədə razılığa gəliblər. Bundan başqa, sənəddə "bütün mübahisəli məsələləri dinc vasitələrlə həll etmək və atəşkəs xətti yaxınlığında mümkün insidentlərin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin köməyi ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında tərəflərin iştirakı ilə araşdırılmasının aparılması" səyləri qeyd edilir.

Xəbər lenti

Xəbər lenti