Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir M.Əliyev/
Litva Seyminin sabiq sədri, ölkənin Milli Dirçəliş Partiyasının rəhbəri Arunas Valinskas Xocalı faciəsinin ildönümü ilə əlaqədar Milli Məclisin sədri Oqtay Əsədova məktub göndərib. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin məlumatında bildirilir.
Məktubda faciə ilə əlaqədar Azərbaycan xalqı ilə həmrəylik ifadə olunur.
"Milli Dirçəliş Partiyasının üzvləri bir an olsun belə, şübhə etmirlər ki, ədalət tezliklə zəfər çalacaq, cinayətkarlar törətdikləri əmələ görə cavab verəcəklər", - məktubda deyilir.
Arunas Valinskas məktubunda əmin olduğunu bildirir ki, təcavüzkarın müqəddəs Azərbaycan torpaqlarını tərk edəcəyi və vurduğu ziyanı ödəyəcəyi gün uzaqda deyil.
1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan soyqırım aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur.