...

Dağlıq Qarabağın erməni icmasının danışıqlarda iştirakı Ermənistanın Silahlı Qüvvələrinin çıxarılmasından sonra mümkündür - politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 May 2011 13:19 (UTC +04:00)
Dağlıq Qarabağın erməni icmasının danışıqlarda iştirakı yalnız Ermənistan Silahlı Qüvvələrinin ekspedisiya korpusunun Azərbaycan ərazilərini tərk etdiyi zaman təmin oluna bilər.
Dağlıq Qarabağın erməni icmasının danışıqlarda iştirakı Ermənistanın Silahlı Qüvvələrinin çıxarılmasından sonra mümkündür - politoloq

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir M.Əliyev/

Dağlıq Qarabağın erməni icmasının danışıqlarda iştirakı yalnız Ermənistan Silahlı Qüvvələrinin ekspedisiya korpusunun Azərbaycan ərazilərini tərk etdiyi zaman təmin oluna bilər. Bu barədə Trend-ə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov qondarma "Dağlıq Qarabağ Respublikasının" rəhbəri Bako Saakyanın "Exo Moskvı" radioastansiyasına erməni icmasının danışıqlar prosesində iştirak etmək istəyi ilə bağlı dediklərini şərh edərkən bildirib.

"Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi, Azərbaycan ərazilərində Ermənistan Silahlı Qüvvələrinin korpusunun yerləşdiyi bir vaxtda Dağlıq Qarabağın erməni icması Azərbaycanın danışıqlar aparmalı olduğu tərəf ola bilməz", - Musabəyov bildirib.

Onun sözlərinə görə, bu uydurma mövqedir, heç kim, o cümlədən beynəlxalq ictimaiyyət bu mövqeyi bölüşmür.

"Hazırda Saakyan bu və ya digər formada həmsədrlər tərəfindən məlumatlandırılır və onun baxışları bu və ya başqa formada nəzərə alınır", - Musabəyov bildirib.

Azərbaycanın tez-tez hərbi ritorika ilə çıxş etməsi ilə əlaqədar Saakyanın narahatlığını şərh edən Musabəyov bildirib ki, əgər hətta Azərbaycan hərbi ritorika ilə çıxış etməsə belə, Azərbaycan torpaqlarının işğal olunduğu, konkret olaraq Dağlıq Qarabağdan 600 min azərbaycanlının qovulduğu və müharibənin başa çatmadığı, dondurulduğu faktdır.

"Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq və öz ərazi bütövlüyünün, o cümlədən hərbi yolla bərpasına çalışacaq. Bu barədə danışsaq da, danışmasaq da, konkret vəziyyətin necə olduğu və Azərbaycanın bu vəziyyətə necə reaksiya verdiyi önəmlidir", - politoloq bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti