...

Qarabağ münaqişəsinin nizamlanmasının təməl layihəsi üzrə qərar gələn həftə qəbul ediləcək - Rusiya XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 İyun 2011 16:50 (UTC +04:00)
Azərbaycan, Rusiya və Ermənistan prezidentləri gələn həftə Kazan görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının təməl layihəsi üzrə qərar qəbul edəcəklər.
Qarabağ münaqişəsinin nizamlanmasının təməl layihəsi üzrə qərar gələn həftə qəbul ediləcək - Rusiya XİN

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri gələn həftə Kazan görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının təməl layihəsi üzrə qərar qəbul edəcəklər. Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç məlumat verib. Məlumatı RİA Novosti yayıb.

"Gözləntilər böyükdür. Əldə olunan razılaşmalara əsasən, qarşıdakı sammitdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsipləri haqqında tam layihənin müzakirəsi nəzərdə tutulur", - Lukaşeviç cümə axşamı brifinqdə deyib.

O qeyd edib ki, bu sənədin xülasəsi üç ölkənin xarici işlər nazirlərinin apreldə və iyunda Moskvada keçirilən görüşlərində razılaşdırılıb.

"Aparılan müzakirələr zamanı bir sıra əsas məsələlər üzrə mövqeləri yaxınlaşdırmaq mümkün olub. Prezidentlər bu işləmələrə baxacaqlar və müvafiq qərar qəbul edəcəklər", - diplomat bildirib.

İyunun sonunda Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü planlaşdırılır.

Bu, prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın üçtərəfli formatda doqquzuncu görüşü olacaq.

Belə formatda bundan əvvəlki görüş martın 5-də Soçidə keçirilib. Soçi görüşündən əvvəl isə ötən il oktyabrın 27-də Həştərxanda görüş keçirilib. Azərbaycan, Ermənistan və Rusiya prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın görüşünün yekunları üzrə Həştərxanda Dağlıq Qarabağ münaqişəsi tərəfləri - Azərbaycan və Ermənistan tərəfindən bəyannamə imzalanıb. Bəyannamə hərbi əsirlərin qaytarılmasını nəzərdə tutur və humanitar xarakter daşıyır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti