...

Ermənistan Prezidenti Minsk qrupunun həmsədrləri ilə görüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 İyun 2011 13:00 (UTC +04:00)
Ermənistan Prezidenti Serj Sarkisyan iyunun 25-də Kazanda ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri ilə görüşüb.
Ermənistan Prezidenti Minsk qrupunun həmsədrləri ilə görüşüb

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir E.Tarıverdiyeva/

Ermənistan Prezidenti Serj Sarkisyan iyunun 25-də Kazanda ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri ilə görüşüb. Trend-in məlumatına görə, bu barədə "Mediamaks" xəbər verir.

Müsahiblər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin davam etdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri Kazanda keçirilən sammitdə Dağlıq Qarabağ münaqişəsinin baza prinsipləri əsasında həlli ilə bağlı razılığa gələ bilməyiblər. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.

Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan cümə günü Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini müzakirə ediblər.

"Dövlət başçıları bir sıra məsələlər üzrə qarşılıqlı anlaşmanın əldə olunduğunu qeyd ediblər. Bu məsələlərin həlli əsas prinsiplərin təsdiq olunması üçün şəraitin yaranmasına kömək edəcək", - bəyanatda bildirilir.

"Görüş iştirakçıları əsas prinsiplər layihəsinin təsdiq olunması məqsədilə aparılan işin gedişinə nəzər salıblar", - sənəddə qeyd olunur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti