...

Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsidir - deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 İyun 2011 13:15 (UTC +04:00)
Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsidir - deputat
Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsidir - deputat

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Azərbaycan Ordusu bu gün dövlətimizin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir və dövlətimizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olan yüksək hazırlıqlı ordudur. Trend-in məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu ən müasir tələblərə cavab verən strukturdur. Yəni Silahlı Qüvvələrimizin NATO standartlarına uyğunlaşdırılması yönündə indiyə qədər dövlət tərəfindən vacib addımlar atılıb.

Deputatın fikrincə, bu faktlar torpaqlarımızın 20 faizini işğal etmiş və bütün siyasətini qonşu dövlətlərin torpaqlarının işğalı üstündə quran Ermənistanda da kifayət qədər məlumdur.

Mirzəzadə qeyd edib ki, təbii resursların kasad olması, militaristləşdirilmiş siyasətin həyata keçirilməsi, Azərbaycana, Türkiyəyə, Gürcüstana torpaq iddiaları irəli sürməsi və beləliklə də özünü inkişafdan kənarda qoyması Ermənistanda iqtisadiyyatın geriləməsinə səbəb olub.

"Ermənistan sivil dövlət qurmaq, obyektiv qanunlarla işləyən iqtisadiyyat qurmaq, mehriban qonşuluq siyasətinə əsaslanan xarici diplomatiya həyata keçirmək əvəzinə, qonşu dövlətlərə torpaq iddiasına üstünlük verir. Bu da işğalçı dövlət üçün bumeranq effekti verir və ziyanı özünə dəyir", - komitə sədrinin müavini vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti