...

Rusiya Prezidenti yaxın vaxtlarda Qarabağ münaqişəsinin nizamlanması üzrə gələcək addımlar barədə qərar qəbul edəcək - XİN rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyul 2011 14:31 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə iş ən yaxın vaxtlarda davam etdiriləcək.
Rusiya Prezidenti yaxın vaxtlarda Qarabağ münaqişəsinin nizamlanması üzrə gələcək addımlar barədə qərar qəbul edəcək - XİN rəhbəri

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir E.Tariverdiyeva/

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə iş ən yaxın vaxtlarda davam etdiriləcək. Trend-in məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib. Məlumatı "Rossiya-24" telekanalı yayıb.

"Biz qeyd etdik ki, Kazanda prezidentlər nizamlama üzrə son razılaşmanın əldə olunması üçün şəraitin yaradılmasına xidmət edən mühüm məsələlərin razılaşdırılması barədə bəyan etdilər", - o bildirib.

Lavrovun sözlərinə görə, ABŞ və Fransanın razılığı ilə vasitəçi kimi fəaliyyət göstərən Rusiya Prezidenti Dmitri Medvedev Kazan görüşündən sonra vəziyyətin təhlilini başa çatdırıb və ən yaxın vaxtlarda gələcək addımlar haqqında qərar qəbul edəcək.

"Prezident Medvedev münaqişə tərəfləri ilə xüsusi əlaqələri nəzərə alaraq, iki il əvvəl Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə konkret razılaşmaların tapılması üçün Azərbaycan və Ermənistan prezidentləri ilə məsləhətləşmələr keçirməyə təşəbbüs göstərib. Biz güman edirik ki, indi elə bir vəziyyətə yaxınlaşmışıq ki, qərar qəbul etmək lazımdır", - nazir vurğulayıb.

"Danışıqların formatının dəyişdirilməsi səmərəli olmayacaq", - Lavrov hesab edir.

Onun sözlərinə görə, son vaxtlar münaqişədə vasitəçi ATƏT-in Minsk qrupundan daha çox ATƏT-in Minsk qrupunun vasitəçiləridir.

Prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan iyunun 24-də Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini müzakirə ediblər. Son üç il ərzində sayca doqquzuncu olan bu görüş nizamlamanın əsas prinsipləri üzrə razılaşma əldə olunmadan başa çatıb. Birgə bəyanatda tərəflər yalnız bu məqsədə doğru yolda irəliləyişin olduğunu qeyd ediblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti