...

Seçkilər ərəfəsində Rusiya Prezidenti üçün Dağlıq Qarabağ məsələsində irəliləyişin olması vacibdir - Aleksandr Rar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 İyul 2011 16:30 (UTC +04:00)
Seçkilər ərəfəsində Rusiya Prezidenti üçün Dağlıq Qarabağ məsələsində irəliləyişin olması vacibdir - Aleksandr Rar

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir E.Tarıverdiyeva/

Rusiyada Prezident Dmitri Medvedevlə Baş nazir Vladimir Putin arasında imic və RF-nin xarici və daxili siyasətinin gələcək xətti uğrunda gizli yarış gedir. Almaniya Xarici Siyasət Şurasının "Rusiya-Avrasiya" Mərkəzinin direktoru, Trend-in Ekspert Şurasının üzvü Aleksandr Rar (Alexandr Rahr) belə qənaətdədir.

"Buna görə də Medvedev, eləcə də Dağlıq Qarabaq münaqişəsinin nizamlanması məsələsində indi çox aktiv xarici siyasət yürütməyə çalışır", - Rar deyib.

Kazanda keçirilən müzakirələrin yekunları üzrə Rusiya Prezidenti Dmitri Medvedev Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyana son vaxtlar üç prezidentin formatında və ATƏT-in Minsk qrupu həmsədrlərinin - ABŞ, Rusiya və Fransanın nümayəndələrinin iştirakı ilə müzakirə olunan Dağlıq Qarabağ məsələsinin həllinin görüntüləri haqqında təkliflə məktub hazırlayıb.

Prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan iyunun 24-də Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini müzakirə ediblər. Son üç il ərzində sayca doqquzuncu olan bu görüş nizamlamanın əsas prinsipləri üzrə razılaşma əldə olunmadan başa çatıb. Birgə bəyanatda tərəflər yalnız bu məqsədə doğru yolda irəliləyişin olduğunu qeyd ediblər.

Rarın sözlərinə görə, Medvedev Qərbə özünün vahid Avropa təhlükəsizlik sisteminin layihəsini təklif edəndə Almaniya kansleri Angela Merkel sammitdə Medvedevə demişdi ki, Berlin bu məsələdə Moskva ilə əməkdaşlıq etməyə hazırdır, lakin bir şərtlə ki, o, ümumi Avroatlantik məkanda ərazi mübahisələrinin həllinə kömək etsin.

Rar deyir ki, bununla yanaşı, Merkel Medvedevdən bunun üçün Kremldən asılı olan hər şeyi etməsini xahiş edib.

"Prezident Medvedev həqiqətən də Dağlıq Qarabağ probleminin nizamlanmasında irəliləyişin əldə olunması üçün çox səy göstərir və bu, ən düzgün yanaşmadır. Axı, Qərb üçün bu münaqişə praktiki olaraq həll olunmazdır. Avropada çox güclü erməni lobbisi var, digər tərəfdən, Azərbaycan öz iqtisadiyyatının açıqlığı və iqtisadiyyat sahəsində maraqlı imkanları ilə avropalı tərəfdaşları üçün "çəki yığır", - o deyib.

Ona görə də Bakı və Yerevanla tərəfdaşlıq münasibətlərinə malik Rusiyanın vasitəçiliyi, ekspertin fikrincə, ən rahat formatdır.

Lakin Rar hesab edir ki, bu formatda da əsaslı nəticələr əldə edilməyib.

Ekspert bildirib ki, Medvedevin təşkil etdiyi Kazan sammiti, yumşaq desək, iflasa uğradı.

Rusiya XİN rəhbəri Lavrovun Bakıya və Yerevana səfərləri də daxil olmaqla, Moskvanın bütün yeni təklif və hərəkətləri Medvedevin təşəbbüsünü heç olmasa uduzmamaq üçün xilas etmək cəhdidir.

Politoloqun sözlərinə görə, bu həm də tezliklə keçiriləcək seçki kampaniyası ərəfəsində vacibdir.

"Medvedev və Pitun dörd il ərzində - Medvedevin prezidentliyi dövründə hansı nailiyyətlərin əldə olunduğunu müzakirə etmək üçün masa arxasında əyləşəndə prezident müsbət nəticələri təqdim etməlidir", - Rar bildirib.

Lakin bir faktı etiraf etməyin vaxtıdır ki, Dağlıq Qarabağ münaqişəsi tərəflərinin kompromisə getməməsi səbəbindən həqiqi həllə yaxınlaşmaq mümkün olmayıb.

"Mən tərəflərin əhəmiyyətli kompromisləri olmadan Dağlıq Qarabağ məsələsində irəliləyiş imkanları görmürəm. Çətin ki, yaxın vaxtlarda bu mümkün olsun", - ekspert deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti