...

Dağlıq Qarabağın azərbaycanlı icması beynəlxalq təşkilatları laqeydlikdə ittiham edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Noyabr 2011 12:10 (UTC +04:00)
Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən məhv edilən tarixi abidələrlə bağlı "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin beynəlxalq təşkilatlara müraciətləri cavabsız qalır.
Dağlıq Qarabağın azərbaycanlı icması beynəlxalq təşkilatları laqeydlikdə ittiham edib

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən məhv edilən tarixi abidələrlə bağlı "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin beynəlxalq təşkilatlara müraciətləri cavabsız qalır. Trend-in məlumatına görə, bunu İctimai Birliyin sədri Bayram Səfərov cümə axşamı jurnalistlərə deyib.

"Hətta biz Şuşa məscidi ilə bağlı Rusiyanın Patriarxına müraciət etmişdik, onlar isə bizə gülməli cavab veriblər - "bir-birinizlə dil tapın", - Səfərov deyib.

O qeyd edib ki, ermənilər mütəmadi olaraq Azərbaycanın tarixi abidələrini məhv edir və özününküləşdirirlər.

"Bu, onların xislətindədir, genindədir. Çünki bu torpaq onların deyil və saxta yollarla tarixi abidələrimizi əldə etmək istəyirlər", - İB sədri deyib.

Səfərov bildirib ki, ermənilər beynəlxalq təşkilatlar səviyyəsində Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlardan daim yayınırlar.

"Ermənilərin danışıqlardan yayınması təbii qəbul olunmalıdır. Biz əvvəllər də demişik, indi də bəyan edirik ki, Ermənistan rəhbərliyi Azərbaycanın günahsız vətəndaşlarının, bizim bacı-qardaşlarımızın qatilidir. Onlar törətdikləri əməllərindən qorxduqlarına görə münaqişənin həllindən yayınırlar. Bu səbəbdən də sülh danışıqlarını uzadırlar", - o deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti