Azərbaycan, Bakı, 20 aprel /Trend/
İtaliya parlamentində "Farefuturo Fondazione" fondunun rüblük xarici məsələlər jurnalı olan "Charta Minuta"nın son buraxılışına həsr edilmiş konfrans keçirilib.
Fondun 236 səhifəlik buraxılışı "Unudulmuş müharibələr" adlanır və Avropada həll edilməmiş münaqişələrə həsr olunub. Buraxılışda Ermənistanın Azərbaycan ərazilərinin işğalı faktına, Xocalıda törədilmiş soyqırımına geniş yer ayrılıb. Trend-in məlumatına görə, bu barədə AzərTAc-a Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasından (AVCİYA) bildirilib.
Tədbirdə iştirak edən AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyovun verdiyi məlumata əsasən, Avropa və İtaliyanın nüfuzlu QHT-lərindən biri olan "Farefuturo" AVCİYA-nın tərəfdaşıdır. Bu ilin əvvəllərində Bakıya səfər etmiş "Farefuturo"nun prezidenti, İtaliya parlamentinin üzvü Adolfo Urso ilə aparılan danışıqlar nəticəsində iki təşkilat arasında əməkdaşlığa dair razılıq əldə olunub.
İtaliya parlamentində keçirilmiş konfransda 75-ə yaxın deputat, elmi işçilər, işgüzar şəxslər və vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.
Jurnalda beynəlxalq münasibətlər və beynəlxalq hüquq məsələlərini işıqlandıran amerikalı Kristofer Bodenin "Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımı" məqaləsi, BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrə dair Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyevin şərhi, AVCİYA prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanov və iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Vurğun Süleymanovun "Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalın ağır nəticələri" adlı kitabından beş bölmə (24 səhifə) yer alıb. Bu kitabda ilk dəfə olaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının, hərbi təcavüzünün, Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı rayonların işğalı nəticəsində Azərbaycana dəymiş ümumi maddi zərərin məbləği elmi metodoloji əsaslarla hesablanıb, Azərbaycanın təzminat alma hüququ əsaslandırılıb. Hesablamalara əsasən, işğal nəticəsində Azərbaycana dəymiş maddi ziyanın məbləği 2011-ci ilin əvvəllərinə 431,592 milyard ABŞ dollarından artıq təşkil edir və işğal aradan qaldırılmayanadək ilbəil artır.
Konfransda parlamentin sağ-mərkəzyönümlü üzvü və siyasət, iqtisadiyyat və vətəndaş cəmiyyəti məsələlərini araşdıran "Farefuturo" fondunun prezidenti Adolfo Urso, sosialist deputat Stefania Kraksi, parlamentin üzvü və sağ-mərkəzyönümlü FLİ partiyasının Deputatlar Palatasının sədri Benedetto Delle Vedova, AVCİYA-nın xarici əlaqələr departamentinin rəhbəri Fuad Süleymanov çıxış ediblər.
Kraksi Azərbaycanın 20 ildir ki, müstəqil olmasına baxmayaraq, hələ də torpaqlarının 20 faizinin Xocalı soyqırımı kimi kütləvi qırğında günahkar olan Ermənistanın işğalı altında olduğunu vurğulayıb. "Təəssüf ki, beynəlxalq təşkilatların bir sıra ittihamları və ATƏT-in Minsk qrupunun işi hələ də bir nəticə verməyib. İndi Avropa İttifaqının hərəkətə keçməsinin vaxtıdır", - o deyib.
Urso isə Fransanın ATƏT-in Minsk qrupundakı səmərəsiz fəaliyyətini tənqid edib. "Fransanın daxili siyasətinin xarakterini başa düşmək olar, lakin biz Avropanın bu müzakirədə bu dərəcədə iştirak etməməsini başa düşə bilmərik. BMT, Avropa Şurası Parlament Assambleyasının və digər bir sıra nüfuzlu qurumların qeyd etdiyi kimi, Dağlıq Qarabağda Azərbaycanın qurban olduğuna şübhə yoxdur", - o əlavə edib. O, Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərindən geri çəkilməyə çağıran çoxsaylı BMT qətnamələrinə əməl etməməsini "təəssüfləndirici hal" adlandırıb.
İtaliya parlamentinin üzvü Vedova çıxış edərək Avropanın öz sərhədlərində geniş və dinc iqtisadi məkan yaratmağa töhfə vermək və inkişafı artırmaq məqsədi ilə ticarət və investisiyanı daha da artırmaq istiqamətində birlikdə fəaliyyət göstərməli olduğunu bildirib.
Konfrans iştirakçıları qeyd ediblər ki, Avropa, o cümlədən İtaliya Dağlıq Qarabağ regionunda Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı ilə bağlı sülh və ədalətə nail olmaqda Azərbaycana kömək etmək üçün addımlar atmalıdır. Hələ də həll edilməmiş münaqişəyə son qoymaq üçün səfərbər olmalıdır.