...

Qənirə Paşayeva: Azərbaycanlı qaçqın və məcburi köçkünlərinin evlərinə qayıda bilməməsi Avropada davam edən ən böyük insan haqları pozuntusudur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Aprel 2012 21:24 (UTC +04:00)
20 ildir azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıda bilməməsi Avropa məkanında davam edən ən böyük insan haqları pozuntusudur. Trend-in məlumatına bu fikirləri Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının dördüncü iş günündə Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva "Şimali Qafqazda məcburi köçkünlərin və regiona geri dönən insanların vəziyyəti" adlı məruzə ətrafında aparılan müzakiələr zamanı çıxışında deyib.
Qənirə Paşayeva: Azərbaycanlı qaçqın və məcburi köçkünlərinin evlərinə qayıda bilməməsi Avropada davam edən ən böyük insan haqları pozuntusudur

Fransa, Strasburq, 26 aprel /Trend, müxbir A. Məhərrəmli/

20 ildir azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıda bilməməsi Avropa məkanında davam edən ən böyük insan haqları pozuntusudur. Trend-in məlumatına bu fikirləri Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının dördüncü iş günündə Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva "Şimali Qafqazda məcburi köçkünlərin və regiona geri dönən insanların vəziyyəti" adlı məruzə ətrafında aparılan müzakiələr zamanı çıxışında deyib.

"Biz Şimali Qafqazdakı məcburi köçkünlərin çəkdiyi əziyyətləri, yaşadığı acıları ən yaxşı anlayan insanlardanıq. Mən hər 9 nəfər vətəndaşından biri qaçqın və məcburi köçkün olan, qaçqın və məcburi köçkünlərinin sayına görə Avropada və dünyada analoqu оlmayan bir ölkənin- Azərbaycanın nümayəndəsi olaraq Şimali Qafqazdakı məcburi köçkün insanların hansı çətinliklər çəkdiyini bir çoxlarından daha yaxşı anlayıram. Mən məruzədə Şimalı Qafqazdakı məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılmasına çağıran bütün tövsiyyələri dəstəkləyirəm. Amma o insanlar bizdən çox şey gözləyirlər. Sadəcə müzakirələr aparmaq və sənədlər qəbul etməklə əsas işimizi bitmiş hesab edə bilmərik. O, insanlar bizdən qəbul etdiyimiz qətnamələrin, sənədlərin həyata keçməsi üçün daha təsirli mexanizmlərə əl atmamızı, qəbul etdiyimiz sənədlərin necə yerinə yetirilməsinə ciddi nəzarət etməyi və bu istiqamətdə tez-tez müzakirələrin açılmasını gözləyirlər. Biz bü gün Şimalı Qafqazdan danışırıq. Amma Cənubi Qafqazda qaçqınlar və məcburi köçkünlərlə bağlı vəziyyət daha dəhşətli, daha faciəvidir. Bu gün Avropa Şurası məkanında olan qaçqın və məcburi köçkünlərin böyük hissəsi məhz Cənubi Qafqaz regionundadır. Azərbaycanda və Gürcüstandadır"-o, deyib.

Millət vəkili çıxışında Avropadakı qaçqın və məcburi köçkünlərin 3-də 1-dən çoxunun təkcə Azərbaycanda olduğunu bildirib.

"Bütün Avropadakı qaçqın və məcburi köçkünlərin 3-də 1-dən çoxu təkcə bir ölkədə-mənim ölkəm Azərbaycandadır. Çünki Azərbaycanın torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması və bu işğalın hələ də davam etməsi səbəbindən 100 minlərlə azərbaycanlı məcburi köçkünlər 20- ildir ki, öz evlərinə dönə bilmirlər. Bir neçə gün sonra may ayında Azərbaycanın Şuşa şəhərinin və Laçın rayonunun Ermənistan tərəfindən işğalının 20-ci ili tamam olur. 20 ildir Şuşalılar, Laçınlılar və digər məcburi köçkünlər öz evlərinə qayıda bilmirlər və bu Avropa məkanında davam edən ən böyük insan haqları pozuntusudur. Amma gəlin xatırlayaq sonuncu dəfə bununla bağlı müzakirələri nə vaxt aparmışıq. Artıq uzun bir zaman keçib. Gəlin xatırlayaq. Bununla bağlı qəbul etdiyimiz sənədlər nə qədər həyata keçirilib. Nəticə yoxdur. Bizim bu assambleyada qəbul etdiyimiz 1416 saylı qətnamədə deyilirdi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidir və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə dönməsinə imkan verilməlidir. Qəntamənin qəbulundan 9 il keçsə də Ermənistan bu günə qədər onu yerinə yetirməkdən imtina edir. Sizə аrtıq 100 minlərlə insanın taleyinə laqeyd qalmayıb daha sərt addımlara əl atmaq vaxtı deyilmi? Hər il 100-lərlə insan öz evinə dönmək həsrəti ilə dünyadan köçür. Bundan artıq faciə ola bilərmi?-Paşayeva deyib.

Q. Paşayeva 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünlərinin Assambleyadan onların taleyinə biganə qalmamalarını diqqətə çatdırıb.

"Mən 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünlərinin müraciətini sizə çatdırmaq istəyirəm. Bu insanlar Assambleyaya müraciətlə bizi unutmayın deyir. Onlar Assambleyaya müraciətlə qəbul etdiyiniz 1416 saylı qətnamənin həyata keçirilməsi üçün fəliyyətinizi, aktivliyinizi, təsir və təzyiqlərinizi artırın deyir. Mən Assambleyamızı Cənubi Qafqazda da məcburi köçkünlərin vəziyyəti ilə bağlı yaxın zamanlarda müzakirələr aparmağa çağırıram. Çünki harada olmasından asılı olmayaraq biz qaçqın və məcburi köçkünlərin məsələsini daha çox diqqətdə saxlamalı və onlara öz kömək əlimizi uzatmalıyıq"- millət vəkili çıxışını bitirib.

Xəbər lenti

Xəbər lenti