Azərbaycan, Bakı, 3 may /Trend/
İsveç Rikstaqı İsveç Azərbaycanlılar Konqresini bu il mayın 9-da keçiriləcək Dağlıq Qarabağ münaqişəsi barədə qətnamənin müzakirəsinə dəvət edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı günü İAK-dan bildirilib.
Qəbul olunmuş qaydalara əsasən qətnamə barədə parlamentdə təmsil olunan 7 partiyanın nümayəndələri ardıcıllıqla çıxış edəcəklər.
Daha sonra Rikstaqda Yaşıllar qrupunun rəhbəri, qətnamə layihəsinin müəllifi Mehmet Kaplan çıxış edəcək. Çıxışdan sonra M.Kaplan parlamentarilərin suallarına cavab verəcək.
Müzakirələrin sonunda qətnamə layihəsinə dair qərarın qəbul olunması gözlənilir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.