...

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun çoxsaylı şəhid verməsi barədə məlumatları təkzib edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyun 2012 12:06 (UTC +04:00)
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun cəbhədə baş vermiş döyüşlərdə çoxsaylı şəhid verməsi barədə mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun çoxsaylı şəhid verməsi barədə məlumatları təkzib edib

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun cəbhədə baş vermiş döyüşlərdə çoxsaylı şəhid verməsi barədə mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu Trend-ə bildirib ki, dünən ölkədə fəaliyyət göstərən saytlardan birinin cəbhə bölgəsində baş verənlərlə bağlı yaydığı məlumat cəmiyyətdə və mətbuatda çaşqınlığa səbəb olub.

Yayılan məlumatların dezinformasiya xarakteri daşıdığını deyən nazirlik sözçüsü bildirib ki, cəmiyyəti və informasiya məkanını şübhəli məlumatlarla çaşdırmaq yolverilməzdir.

"Bu yazıda bildirilir ki, guya iyun ayının 7-8-də cəbhədə baş vermiş döyüşlərdə Azərbaycan Ordusu 5 deyil, 40 şəhid verib və bu "fakt" hansısa səbəblərə görə indiyədək gizli saxlanılır. Belə əsassız məlumatı dövriyyəyə buraxarkən saytın qarşısına hansı məqsəd qoyduğu və nə üçün bu cür uydurma, yalan məlumatla ictimaiyyəti təşvişə qapanmağa sövq etməyə çalışması çox maraqlı görünür. Haradan götürülüb bu məlumat, mənbəyini söyləyə bilərlərmi? Sayt "35 şəhiddən" heç olmazsa birinin yurd-yuvasını və ya adını nişan verə bilərmi? Ümumiyyətlə, bu qədər əsgərin ölümü necə gizlədilə bilər və yaxud nəyə görə gizlədilməlidir? Göstərilən tarixdə cəbhədə gedən döyüşlər zamanı Azərbaycan tərəfinin neçə itki verməsi barədə Müdafiə Nazirliyi ictimaiyyəti dəqiq məlumatlandırıb", - o deyib.

Sabiroğlu media nümayəndələrinə həssas məqamda diqqətli olmağı, dəqiqləşdirilməmiş məlumatları yaymaqla cəbhə bölgəsində qulluq edən minlərlə əsgərimizin valideyinlərinin heysiyyatı ilə oynamamağı və düşməni yalan məlumatlarla sevindirməməyi tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti