Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir M.Əliyev/
Ermənistanın işğalçı mövqeyindən çəkilmədiyini nümayiş etdirməsi Qarabağ ətrafında yeni situasiyanın yaranmasını şərtləndirib. Trend-in məlumatına görə, bunu Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Azad Qarabağ uğrunda Alyansın (AQA) təşəbbüsü ilə çərşənbə günü "Qarabağ ətrafında yeni situasiya və atılmalı olan zəruri addımlar" mövzusunda keçirilən "dəyirmi masa"da bildirib.
Onun sözlərinə görə, Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun ekstradisiya və əfv olunması Qarabağ ətrafında yeni situasiyanın yaranmasına təkan verib.
"Yeni situasiya Azərbaycanın milli maraqlara uyğun radikal addım atmasını tələb edir, çünki Ermənistan işğalçı mövqedən geri çəkilmək fikrinin olmadığını bir daha nümayiş etdirib və işğalçı dövlət açıq şəkildə Madrid prinsiplərindən imtina edib", - o deyib.
Nağı qeyd edib ki, Ramil Səfərovun azadlığa buraxılması, həmçinin beynəlxalq təşkilatların, böyük dövlətlərin ədalətsiz mövqelərinin açıq şəkildə nümayiş etdirildiyini ortaya qoydu.
"Ermənistan nümayiş etdirdi ki, bir zabitin qaytarılması ilə heç cür barışmırsa, onda sülh yolu ilə işğal etdiyi torpaqların qaytarılması ilə də barışmayacaq", - o deyib.
"Dəyirmi masa"nın sonunda iştirakçılar tərəfindən bəyanat qəbul olunub.
Bəyanatda Qarabağın azadlığı naminə dövlət və qeyri-hökumət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, bütün siyasi və ictimai qurumların əməkdaşlığının təmin edilməsi, diaspor təşkilatlarının bu məsələdə aktiv olmasının vacibliyi vurğulanıb.