...

Bakir İzetbeqoviç: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Oktyabr 2012 19:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması vacibdir. Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç cümə axşamı Azərbaycanın Parlamentinin sədri Oqtay Əsədovla görüşündə bildirib.

Bosniya və Herseqovinanın Azərbaycanın dostu olduğunu deyən spiker bu səfərin iki ölkə arasındakı əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əminliyini ifadə edib. Qeyd edilib ki, ölkələrimizi bir-birinə bağlayan bir sıra amillər var. Hər iki ölkə eyni dövrdə müstəqilliyə qovuşublar. Təəssüflər olsun ki, bu oxşarlıqlar arasında soyqırım səhifəsi də var. Buna görə də ölkələrimiz, xalqlarımız bu istiqamətdə bir-birilərini daha yaxşı başa düşür və beynəlxalq təşkilatlarda bir-birilərinin mövqelərini hər zaman dəstəkləyirlər.

Erməni silahlı birləşmələrinin Azərbaycanda törətdikləri qətliamları xatırladan Əsədov vurğulayıb ki, bir neçə ölkənin parlamentində Xocalı soyqırımı tanınıb. Bosniya və Herseqovina parlamentində də bu soyqırıma qiymət verilsə, Azərbaycan üçün çox önəmli olardı. Azərbaycanla Bosniya və Herseqovina arasındakı əlaqələrin gələcək inkişafından danışan Milli Məclisin sədri qeyd etdi ki, ölkələrimiz arasında imzalanan sənədlər münasibətlərimizin hüquqi bazasını təmin edəcək, siyasi və iqtisadi inkişafa dəstək verəcək.

Oqtay Əsədov ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafı üçün hökumətlərarası iqtisadi komissiyanın yaradılmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, həm Bosniya və Herseqovinanın, həm də Azərbaycanın parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının fəaliyyəti gücləndirilməlidir.

Parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi üçün ölkəsində dostluq qrupunun fəaliyyətinin gücləndirilməsinə yaxından dəstək verəcəyini vurğulayan Bakir İzetbeqoviç bu baxımdan qarşılıqlı səfərlər təşkil olunmasının vacibliyini diqqətə çatdırıb.

Qonaq bildirib ki, səfər çərçivəsində keçirilən görüşlər ölkələrimiz arasındakı münasibətlərin genişləndirilməsinə xidmət edir.

Söhbət zamanı həm siyasi, həm də iqtisadi sahədəki mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb. Diqqətə çatdırıldı ki, Azərbaycan sərmayələrinin yatırılması üçün Bosniya və Herseqovinada əlverişli investisiya mühiti var.

Sonra görüşdə tərəfləri maraqlandıran digər mövzularda fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin Bosniya və Herseqovina ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mübariz Qurbanlı, Azərbaycanın bu ölkədəki səfiri Eldar Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti