...

Elnur Aslanov: Azərbaycanın bütün addımları göstərir ki, rəsmi Bakı Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə can atır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Noyabr 2012 10:55 (UTC +04:00)
Azərbaycan tərəfinin bütün addımları göstərir ki, rəsmi Bakı doğrudan da Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə can atır, bunun üçün lazımi iradəyə sahibdir.
Elnur Aslanov: Azərbaycanın bütün addımları göstərir ki, rəsmi Bakı Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə can atır

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan tərəfinin bütün addımları göstərir ki, rəsmi Bakı doğrudan da Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə can atır, bunun üçün lazımi iradəyə sahibdir. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov erməni tərəfinin bəyanatlarını şərh edərkən deyib.

"Təəssüf ki, qarşı tərəfdən bu kimi siqnallar daxil olmur. Əminik ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qısa müddətdə çıxarılması bütün region üçün böyük imkanlar açmış olacaq", - Aslanov bildirib.

Onun sözlərinə görə, bu gün Ermənistandakı siyasi rejim əsassız ərazi iddiaları və Azərbaycan torpaqlarına təcavüz səbəbi ilə ölkəni təcrid və böhran vəziyyətinə salıb.

"Biz Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkibində statusunun müəyyənləşdirilməsi üçün danışıqları davam etdirməyə hazırıq. Dağlıq Qarabağdan qovulmuş əhalinin öz evlərinə qayıtmasına, orada sülh, dostluq və əməkdaşlıq şəraitində yaşamasına şərait yaradılmalıdır", - Aslanov əlavə edib.

PA rəsmisi qeyd edib ki, Azərbaycan dövləti terror aktlarına haqq qazandıran, qonşu dövlətin ərazilərini işğal edən, etnik təmizləmə siyasəti aparan, dinc sakinləri, qadın və uşaqları öldürən Ermənistanın ultramillətçi dairələrinin ideologiyasına qarşı çıxır.

"Azərbaycan cəmiyyəti konfessiyalararası tolerantlıq, multikulturalizm və digər bu kimi dəyərlərə tapınması ilə məşhurdur. Bu gün bir çox millətlərin nümayəndələri Azərbaycanda bir ailə kimi yaşayırlar. Azərbaycanı hansısa məsələdə dözümsüzlük göstərməkdə - istər milli, istər dini, istərsə başqa məsələdə - ittiham etmək axmaqlıqdır və əsassızdır. Ölkəmizə 30 minə yaxın erməni yaşayır, Konstitusiya ilə onların hüquq və azadlıqlarına digər Azərbaycan vətəndaşları kimi dövlət tərəfindən zəmanət verilir", - Aslanov əlavə edib.

PA rəsmisinin sözlərinə görə, Azərbaycan Prezidenti əsas düşmənimizin erməni lobbisi olduğunu dəqiqliklə ifadə edib.

"Bunlar həm başqa ölkələrdə yaşayaraq öz merkantil maraqları hesabına erməni cəmiyyətini gələcəkdən məhrum edənlər, həm də öz şıltaqlıqları ilə işğal olunmuş Azərbaycan torpaqlarında status-kvonun qorunması üçün hər cür təzyiq göstərən, bununla da erməni dövlətinin və erməni xalqının gələcəyini qurban verən erməni diasporunun nümayəndələridir", - Aslanov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti