Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir M.Əliyev/
ATƏT-in Minsk qrupunun həmsədrləri lazım olan prinsipiallığı göstərmirlər. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.
O qeyd edib ki, Xankəndi hava limanının açılışı ilə bağlı məsələdə ATƏT-in Minsk qrupunun həmsədrləri utancaq mövqedə dururlar.
"Onlar anlamalıdırlar ki, Ermənistan bu cür təhrikedici addımı atsa, böyük bir böhran ola bilər. Azərbaycan ümumiyyətlə, bu qeyri-qanuni aktı bağışlamayacaq və susmayacaq", - nazir müavini deyib.
Ermənistanın danışıqlar prosesindən yayınmasının həmin ölkədə qarşıdan gələn prezident seçkiləri ilə bağlılığı barədə sualı cavablandıran Əzimov bildirib ki, hər 4 ildən bir seçkilər keçirilir və artıq Ermənistanın bu addımını seçkilərlə izah etmək olmaz.
"Ermənistan rəhbərliyi ümumiyyətlə, məsələnin həll edilməsində maraqlı deyil", - XİN rəsmisi deyib.