...

Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində dəymiş ziyana görə Ermənistandan təzminat tələb edəcək (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyun 2013 17:09 (UTC +04:00)
Trend-in məlumatına görə, Azərbaycanın Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən birgə təşkil olunan tədbiri giriş sözü ilə açan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Daq Siqurdson bildirib ki, dünyada didərginliyin əsas yeni faktoru kimi özünü göstərən Suriya böhranı ilə qaçqın və ya məcburi köçkünlərin sayı 1994-cü ildən indiyədək olan dövrdə ən yüksək həddədir.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində dəymiş ziyana görə Ermənistandan təzminat tələb  edəcək (FOTO)

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda Ümumdünya Qaçqınlar Günü münasibətilə tədbir keçirilib.

Trend-in məlumatına görə, Azərbaycanın Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən birgə təşkil olunan tədbiri giriş sözü ilə açan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Daq Siqurdson bildirib ki, dünyada didərginliyin əsas yeni faktoru kimi özünü göstərən Suriya böhranı ilə qaçqın və ya məcburi köçkünlərin sayı 1994-cü ildən indiyədək olan dövrdə ən yüksək həddədir.

O, qeyd edib ki, 18 yaşdan aşağı uşaqlar bütün qaçqınların 46 faizini təşkil edir: "Bundan əlavə, ötən il ərzində rekord göstərici olaraq sığınacaq istənilməsi ilə əlaqədar 21 300 müraciət valideynlərindən ayrı düşmüş uşaqlar tərəfindən təqdim olunub".

Siqurdson onu da vurğulayıb ki, BMT QAK-ın hesabatında göstərilən bütün qaçqınların 55 faizi müharibəyə məruz qalmış beş əsas ölkədən - Əfqanıstan, Somali, İraq, Suriya və Sudandandır.

Daha sonra çıxış edən Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, qaçqın və məcburi köçkünlərin problemləri hər kəsi, o cümlədən beynəlxalq təşkilatları düşündürür.

Həsənov deyib ki, BMT Ümumdünya Qaçqınlar Gününü keçirməklə dünya ictimaiyyətinin diqqətinə çatdırır ki, bu problem dözülməz bir problemdir: "Buna baxmayaraq, təəssüflər olsun ki, biz gözlədiklərimizin əksini görürük. Yəni dünyada qaçqın və məcburi köçkünlərin sayı artmaqdadır. Azərbaycanda hazırda bir milyondan artıq qaçqın və məcburi köçkün var. Yəni ölkəmizin əhalisinin sayı artdıqca ona nisbətdə qaçqın və məcburi köçkünlərimizin də sayı artır. Azərbaycan dövləti bu gün qaçqın və məcburi köçkünlərin sosial təminatını yaxşılaşdırır. Bununla yanaşı, ölkəmizdə bu gün də beynəlxalq humanitar təşkilatlar öz fəaliyyətlərini davam etdirir. Azərbaycanın ən çətin günündə ölkəmizə dəstək olan hər bir dövlətə təşəkkür edirəm".

Həsənov qeyd edib ki, Dövlət Neft Fondunun vəsaiti hesabına 151 min nəfər mənzillərə köçürülüb: "Bu proses sülh bərqərar olunana qədər davam edəcək. Müharibə vaxtı Azərbaycana dəymiş ziyan hesablanır və bu proses başa çatmaq üzrədir. Ermənistan bilməlidir ki, beynəlxalq qiymətləndirmə təşkilatı bu hesabatı təsdiq etdikdən sonra Azərbaycan təzminat tələb edəcək. Bu təzminatı Ermənistan ödəməlidir. Bu məsələ onları ciddi düşündürməlidir. Nə qədər gec deyil, Ermənistan ədalətsiz mövqeyindən əl çəkməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti