...

Avropalı deputat: Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda Avropa Qonşuluq Siyasəti üçün böyük bir maneədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Avqust 2013 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir E.Mehdiyev/

Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda Avropa Qonşuluq Siyasəti üçün böyük bir maneədir. Trend-in məlumatına görə, bunu Avropa Parlamentinin Mütərəqqi Sosialistlər və Demokratlar Alyansının üzvü, Rumıniyadan olan millət vəkili Katalin Sorin İvan Avropa Azərbaycan Cəmyyətinin (AAC) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair sorğusuna cavabında bildirib.

Onun sözlərinə görə, hələ 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi ilk qətnaməsində Ermənistan ordusunun işğal olunmuş Azərbaycan ərazilərindən çıxması tələb olunurdu. Sonrakı qətnamələrdə də həmişə bu tələb təkrar olunub. Buna görə də ilk addımı Ermənistan atmalıdır, yəni öz ordusunu geri çəkməlidir: "Məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmağa haqqı var. BMT qətnamələrində aydın ifadə olunur ki, Dağlıq Qarabağ və yeddi ətraf rayon Azərbaycana məxsusdur. Bu qətnamələrə əməl olunan kimi köçkünlər öz evlərinə qayıda bilərlər".

Deputat bildirib ki, tərəfdaş dövlətlər bir-birləri ilə dinc və əmin-amanlıq şəraitində yaşasalar, yalnız o zaman "Şərq Tərəfdaşlığı" fəaliyyət göstərə bilər: "Həm də ermənilər işğal siyasətinə mümkün qədər tez bir zamanda son qoymaqda maraqlı olmalıdırlar. Baxmayaraq ki, münaqişə edən tərəflərin danışıqlara getmək istəməsi ən vacib məsələdir, amma yenə də hər bir münaqişədə vasitəçilərin də rolu vacibdir. Ermənistanla Azərbaycan hər ikisi ATƏT-in, eləcə də iki dövlət arasındakı mübahisənin həlli üçün yaradılmış Minsk qrupunda eyni şuradadırlar. Bundan başqa Avropa İttifaqının Cənubi Qafqazda xüsusi nümayəndəliyi var. Yeni sülh danışıqlarına başlanılması üçün ən mühüm maraqoyadıcı amil isə Ermənistanın işğal olunmuş ərazilərdən geri çəkilməsini elan etməsi olardı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti