...

Dünyanın 47 ölkəsinin gənclər təşkilatını özündə birləşdirən Beynəlxalq Sülh Gənclər Qrupu "Şuşaya azadlıq" beynəlxalq kampaniyasına dəstək verib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 May 2014 11:56 (UTC +04:00)
47 ölkədən 130-a yaxın gənclər təşkilatını özündə birləşdirən, dünyanın ən böyük gənclər təşkilatları şəbəkələrindən biri olan Beynəlxalq Sülh Gənclər Qrupu (BSGQ) "Şuşaya azadlıq" beynəlxalq kampaniyasına dəstək verib.
Dünyanın 47 ölkəsinin gənclər təşkilatını özündə birləşdirən Beynəlxalq Sülh Gənclər Qrupu "Şuşaya azadlıq" beynəlxalq kampaniyasına dəstək verib

Azərbaycan, Bakı, 8 may /Trend/

47 ölkədən 130-a yaxın gənclər təşkilatını özündə birləşdirən, dünyanın ən böyük gənclər təşkilatları şəbəkələrindən biri olan Beynəlxalq Sülh Gənclər Qrupu (BSGQ) "Şuşaya azadlıq" beynəlxalq kampaniyasına dəstək verib.

Tədbirdə çıxış edən "Şuşaya azadlıq!" videoçarxının hazırlanması üzrə işçi qrupun üzvü, Sənan Nəcəfov Trend-ə bildirib ki, BSGQ rəhbəri Soo-Bin Lee təşkilatın rəsmi bəyanatını yayıb.

Bəyanatda deyilir: "Şuşa Qarabağ regionunun paytaxtıdır və Qarabağ xanlığının qurucusu Pənahəli xan tərəfindən qurulmuşdur. Şuşa Azərbaycan mədəniyyətinin və rəngarəng musiqisinin beşiyi sayılır. Şuşa şəhəri Qafqazın Konservatoriyası kimi tanınır. Şuşanın 350 hektar torpaq sahəsində 300 tarixi abidəsi, 550 qədim yaşayış binası, 870 metr uzunluğunda bərpa edilmiş qala divarları vardır. Bu abidələrdən təqribən 23-ü dövlət və dünya əhəmiyyətlidir. 1992-ci il mayın 8-nə keçən gecə Şuşa şəhəri erməni silahlı qüvvələrinin hücumuna məruz qalmışdır. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğalçılar tərəfindən zəbt olunmuşdur. İşğal nəticəsində Şuşada 36 təhsil müəssisəsi, 435 mədəni və dini mərkəz, 10 muzey və qalalar erməni işğalçıları tərəfindən zədələnmiş və məhv edilmişdir".

Bəyanatda qeyd olunub ki, Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğal olunmasından 22 il ötür: "Dünya ictimaiyyəti Şuşanın işğalına qarşı öz həmrəyliyini "Şuşaya azadlıq" adı altında ifadə edir. BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan ərazisindən çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir, ancaq bu günə kimi işğalçı dövlət tərəfindən bu qətnamələrə məhəl qoyulmamışdır.

İşğal altındakı Azərbaycan ərazilərində tarix-mədəniyyət abidələrinin kütləvi məhvi və saxtalaşdırılması 1954-cü ildə qəbul edilmiş Haaqa Konvensiyasına (Hərbi konfliktlər zamanı mədəni dəyərlərin qorunması haqqında maddə) və 1972-ci ildə UNESCO tərəfindən qəbul olunmuş "Ümumdünya Mədəni və Təbii İrsin Qorunması haqqında Konvensiya" ziddir.

Şuşa 22 illik işğal, dağıdılma, iztirab yeridir. Əlinizi uzadın, buna son qoyulsun!"

Xatırladaq ki, "Şuşaya azadlıq" beynəlxalq kampaniyasına 2 ildir start verilib. Kampaniyanın məqsədi dünya ictimaiyyətinin diqqətini Şuşanın işğalı faktına yönəltmək, orada məhv edilən mədəni abidələrin, tarixin saxtalaşdırılmasının qarşısının alınması, işğalçı dövlətin beynəlxalq hüquq normalarına uyğun şəkildə ərazilərdən geri çəkilməsinə nail olmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti