...

Rabitə Nazirliyi: Azərbaycan və Ermənistan arasında olan münasibətlər virtual reallığa da sirayət edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyun 2014 14:57 (UTC +04:00)
Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) “İnternet, yüksək texnologiyalar və insan hüquqları” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə nazirliyin birlik və müəssisələrinin nümayəndələri iştirak ediblər.
Rabitə Nazirliyi: Azərbaycan və Ermənistan arasında olan münasibətlər virtual reallığa da sirayət edir

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir H.Vəliyev/

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) "İnternet, yüksək texnologiyalar və insan hüquqları" mövzusunda "dəyirmi masa" keçirilib. Tədbirdə nazirliyin birlik və müəssisələrinin nümayəndələri iştirak ediblər.

Nazirlikdən Trend-ə verilən məlumata görə, "dəyirmi masa"da RYTN-in Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib ki, informasiya texnologiyalarının inkişafı insan hüquqları istiqamətində də yeni mühit formalaşdırır. Onun sözlərinə görə, sosial şəbəkələrin genişlənməsi, müxtəlif tipli saytların yaradılması və burada yazılan, paylaşılan fikirlərdə insanların hüquqlarının qorunması vacib məqamlardandır:

"İnternetdə bütün dünya üzrə insan hüquqlarının pozulması halları artdıqdan sonra fikirlər səsləndirildi ki, virtual reallıqda hüquqlar pozularsa, bu zaman məsələlərə real həyatın qanunları çərçivəsində baxılsın və tənzimlənsin. Heç bir şəxs internetdə, sosial şəbəkələrdə insanların şərəf və ləyaqətini bilərəkdən alçalda bilməz. Dünyada qəbul olunmuş praktikaya görə, kimsə düşünməməlidir ki, əgər o, hansısa sosial şəbəkədən istifadə edirsə və burada sərbəstdirsə, o zaman istədiyi şəxsi təhqir edə və bu yolla onun nüfuzuna xələl gətirə bilər. İnsanların fəaliyyəti üçün uzun illər ərzində müəyyən mexanizmlər, eləcə də davranış qaydaları formalaşdırılıb. Və bütün bunları virtual məkandan kənarda tutmaq mümkün deyil. Eyni etik davranışların internetdə də gözlənilməsi, hüquqların internetdə də pozulmasının qarşısının alınması vacibdir. Heç kəs unutmamalıdır ki, istər informasiya portallarında, istərsə də sosial şəbəkələrdə yaydığı fikirlərə görə cavabdehlik daşıyır. Bizim "KİV haqqında" qanunumuzda da göstərilir ki, internetdə yayılan informasiyalar çap mediasında yazılan məlumatlarla eyni statusa malikdir. Hər bir insan digəri barədə məlumat verdikdə artıq məsuliyyət hissini dərk etməlidir".

B.Məmmədov əlavə edib ki, bir sıra beynəlxalq alətlər də insan hüquqlarının qorunması ilə əlaqədar yüksək texnologiyaların tətbiqi ilə bağlı müəyyən hərəkətlərin edilməsi üçün əsas yaradır:

"Məsələn, ATƏT çərçivəsində 48 ölkənin iştirakı ilə bu sahədə etimadın qorunması məsələsi ön plana gətirilir. Yəni etimad olmalıdır ki, ATƏT-ə üzv olan ölkələr sözügedən sahədə olan münasibətləri etimad əsasında qurmalıdır və lazımi addımları da etimad üzərində atmalıdır. Sözsüz ki, təhlükəsizliyi təmin etmək üçün hər bir ölkə öz qanunvericiliyinə istinad etməlidir".

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunduğunu, işğalçı dövlət tərəfindən virtual məkanda da vətəndaşlarımızın hüquqlarının pozulması istiqamətində cəhdlərin edildiyini vurğulayan B.Məmmədov bu kimi məsələlərin beynəlxalq aləmə çıxarıldığını, lakin bəzi məqamlarda ikili standartlarla baxıldığını deyib:

"Bizim ölkələrə qarşı müəyyən məqamlarda qərəzli yanaşılır. Ərazilərimiz işğal olunub. Azərbaycan və Ermənistan arasında olan münasibətlər virtual reallığa da sirayət edir. Müşahidə edirik ki, münasibətlər bilavasitə informasiya müharibəsinə çevrilir. Çox zaman ölkəmiz haqqında təhrif olunmuş informasiyalar yayırlar, ərazi bütövlüyümüzə qəsd edilir, beynəlxalq informasiya resurslarına edilən müxtəlif təsirlər nəticəsində ölkəmizin ərazisi olduğu kimi göstərilmir və ya işğal olunmuş torpaqlar Ermənistanın ərazisi kimi təqdim olunur. Bu cür faktlara tez-tez rast gələ bilirik. Bununla əlaqədar aidiyyəti qurumlar dərhal reaksiya verir və məsələnin həlli istiqamətində addımlar atır. İşğalçılar tərəfindən bu sahədə də Azərbaycan insanının hüquqlarını kobud surətdə pozmağa cəhd edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti