...

Bahar Muradova: Kəlbəcərdə azərbaycanlıların girov götürülməsi faktı aşkar şəkildə Helsinki Yekun Aktının prinsiplərinin pozulmasıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 İyul 2014 13:01 (UTC +04:00)
Beynəlxalq ictimaiyyət, xüsusilə ATƏT rəsmiləri, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi, ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ermənistan həbrçilərinin Azərbaycan ərazisində azərbaycanlıları girov götürməsi hadisəsi ilə bağlı öz münasibətini bildirməlidir.
Bahar Muradova: Kəlbəcərdə azərbaycanlıların girov götürülməsi faktı aşkar şəkildə Helsinki Yekun Aktının prinsiplərinin pozulmasıdır

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İlkin İzzət/

"Beynəlxalq ictimaiyyət, xüsusilə ATƏT rəsmiləri, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi, ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ermənistan həbrçilərinin Azərbaycan ərazisində azərbaycanlıları girov götürməsi hadisəsi ilə bağlı öz münasibətini bildirməlidir. Mən bununla bağlı artıq həm şifahi, həm də yazılı şəkildə adıçəkilən instansiyalara müraciət etmişəm. Bir daha müraciət edirəm ki, onlar bu məsələyə öz qiymətlərini versinlər". Bunu Trend-ə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

Vitse-spiker bildirib ki, Ermənistan hərbçiləri tərəfindən Azərbaycanın Kəlbəcər rayonunda azərbaycanlıların girov götürülməsi və onların işğal edilmiş ərazilərdəki separatçı erməni rejiminin qanunları əsasında mühakimə olunacağının bəyan edilməsi, özü də bunun Ermənistan rəsmiləri tərəfindən edilməsi heç bir əndazəyə sığmır: "Bu, nə beynəlxalq hüququn prinsiplərinə, nə Ermənistan qanunlarına, nə də insanlıq qanunlarına uyğundur. Çünki Ermənistan tamamilə başqa bir ölkədir. Kəlbəcərin Ermənistana heç bir aidiyyatı yoxdur və Azərbaycan vətəndaşının öz ölkəsinin istənilən yerinə getməyə ixtiyarı var və bu hüququ heç kim onların əlindən ala bilməz. Bu bəyanatların bu şəkildə səsləndirilməsi, Ermənistanın müdafiə nazirinin Ermənistan prezidentinə bu barədə hesabat verməsi və hansı tədbirlərin görüləcəyi ilə bağlı bəyanatla çıxış etməsi göstərir ki, Ermənistan həmin əraziləri işğal altında saxlayır, bu ərazilərə Ermənistan nəzarət edir. Orada separatçı rejimin guya ki, faktiki "dövlət" olduğunu sübut etməyə və onu dünyaya tanıtmağa xidmət edən bəyanatları isə cəfəngiyyatdan başqa bir şey deyil. Hazırda bu ərazilər bütövükdə Ermənistanın nəzarəti altındadır. Ona görə də bu faktın özü həm azərbaycanlıları girov götürən həbçilərə, həm bunun nəticəsində onları mühakimə ediləcəyini bəyan edən şəxslərə, eləcə də Ermənistan rəsmilərinin bu məsələdən hərbi-siyasi məqsədlər üçün istifadə etməsinə çox ciddi münasibət bildirmək lazımdır. Hesab edirəm ki, bunun özü çox ciddi hüquqi məsuliyyət yaradır".

B.Muradovanın sözlərinə görə, Ermənistan bölgədə həmişə təcavüzkar siyasət yeritməsi ilə öyünüb, başqa xalqların, dövlətlərin torpaqlarını işğal etməsi və törətdiyi valdalizm aktları ilə fəxr edib. Lakin bu məsələ həm ətraf dövlətlər, həm də beynəlxalq ictimaiyyət tərəfindən sükutla qarşılanır.

Vitse-spiker girov götürülən azərbaycanlılarının Rusiya vətəndaşı olmasına baxmayaraq, bu ölkənin hadisə ilə bağlı heç bir reaksiya verməməsinə də münasibət bildirib: "Ermənistan hərbçiləri tərəfindən girov götürülən şəxslərdən biri etnik cəhətdən azərbaycanlı olmasına baxmayaraq, Rusiyanın vətəndaşıdır. O, özünün tarixi dədə-baba torpağında digər dövlətin, Ermənistan dövlətinin hərbçiləri tərəfindən girov götürülür və onun haqqında "diversant-kəşfiyyat qrupunun üzvüdür" kimi bəyanat verilir. Bununla bağlı ortada Rusiyanın münasibəti yoxdur. Hesab edirəm ki, bu da heç bir çərçivəyə sığmır. Ən azından Rusiya ATƏT-in Minsk qrupunu həmsədridir, bu münaqişənin həll edilməsi üçün vasitəçilik missiyası daşıyır, üstəlik də hər iki dövlətlə normal qonşuluq münasibətində olduğunu söyləyir. Hesab edirəm ki, Rusiyanın buna heç bir münasibət bildirməməsi heç bir qonşuluq münasibətlərinə sığmır. Hesab edirəm ki, Minsk qrupunun həmsədri kimi Rusiya bu faktın özünə, üstəlik öz vətəndaşının girov götürülənlərin arasında olmasına öz münasibətini bildirməli və lazımi hüquqi addımlar atmalıdır".

Parlament sədrinin müavini hesab edir ki, Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş azərbaycanlılar dərhal azad edilməlidirlər: "Çünki adının nə qoyulmasına baxmayaraq, onların diversiya-kəşfiyyat qrupunun üzvləri olduğunu sübut etmək qeyri-mümkündür. Əlbəttə ki, istənilən olmayan bir şeyi "fakt" kimi qoymaq Ermənistanın əlindədir. Çünki ora Azərbaycanın və beynəlxalq nəzarətin olmadığı bir zonadır. Onlar çox şey deyə bilər, amma reallıq tamam başqa şeyi deyir. Axı Ermənistan qoşunlarının, hərbçilərinin Kəlbəcərdə nə işi var? Onlar bu ərazidə gəzən azərbaycanlıları, sərbəst gəzmək istəyən, öz evinə getmək istəyən azərbaycanlıları niyə və hansı qanunlara əsasən həbs etməli və bununla da bağlı bir bəyanat verməlidir?"

B.Muradovanın fikrincə, bu hadisə baş verdiyi andan bu günə qədər tam qanunsuzluqla müşayiət olunub: "Ona görə də Azərbaycan tərəfi də öz imkanlarından istifadə edərək müəyyən addımlar atır və atmalıdır ki, bu şəxslər azad olunsunlar. İkincisi, bu, bir daha sübut edir ki, Ermənistan təcavüzkar dövlətdir və təcavüzkarlıq siyasətini hər addımda davam etdirir. Bu faktın özü də açıq-aşkar və kobud şəkildə Helsinki Yekun Aktının 10 prinsipinin pozulmasıdır. ATƏT-in üzvü olan bir ölkənin digər ölkənin ərazisində həmin ölkənin vətəndaşlarını "diversiya-kəşfiyyat qrupunun üzvləri" kimi həbs etməsi nə beynəlxalq hüququn, nə də Helsinki Yekun Aktının prinsiplərinə uyğun gəlir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti