...

Separatçılar Dağlıq Qarabağda BQKX missiyasının rəhbəri ilə danışıqlar aparıblar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyul 2014 20:24 (UTC +04:00)
Qondarma "Dağlıq Qarabağ Respublikası"nın "xarici işlər naziri" Karen Mirzoyan çərşənbə günü Dağlıq Qarabağda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) missiyasının rəhbəri Tomas halier ilə danışıqlar aparıb.
Separatçılar Dağlıq Qarabağda BQKX missiyasının rəhbəri ilə danışıqlar aparıblar

Azərbaycan, Bakı, 22 iyul /Trend/

Qondarma "Dağlıq Qarabağ Respublikası"nın "xarici işlər naziri" Karen Mirzoyan çərşənbə günü Dağlıq Qarabağda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) missiyasının rəhbəri Tomas halier ilə danışıqlar aparıb. Trend xəbər verir ki, bu barədə news.am saytı məlumat yayıb.

Erməni tərəfi danışıqların təfərrüatını açıqlamayıb.

Xatırladaq ki, Ermənistan KİV-də Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində erməni xüsusi təyinatlıları tərəfindən aparılan xüsusi əməliyyat nəticəsində Həsən Həsənov adlı bir Azərbaycan vətəndaşının öldürüldüyü və iki azərbaycanlının - Şahbaz Calal oğlu Quliyev və Dilqəm Qardaşxan oğlu Əsgərovun girov götürüldüyü və onlara qarşı cinayət işinin açıldığı barədə məlumat yayılmışdı. O da bildirilmişdi ki, azərbaycanlıların zərərsizləşdirilməsi zamanı bir erməni zabiti öldürülmüş, onun arvadı isə yaralanmışdı.

Bununla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası isə bəyan edib ki, son günlər Ermənistana aid elektron kütləvi informasiya vasitələrində yayılmış məlumatlarda, o cümlədən video və fotomateriallarda Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində girov götürüldüyü bildirilən Azərbaycan vətəndaşlarının sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı məsələ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının gündəlik diqqət mərkəzindədir.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Trend-ə deyib ki, ermənilər tərəfindən 2 nəfərin girov götürülməsi və bir nəfərin öldürülməsi ilə bağlı kütləvi informasiya vasitələrində haqqında məlumat yayılan azərbaycanlı şəxslərin ailələri rəsmən Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib. Hazırda BQXK bu məsələ ilə əlaqədar tərəflərlə dialoqu davam etdirir.

Bundan daha öncə BQXK bəyan etmişdi ki, Azərbaycanın hakimiyyət orqanları Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə Azərbaycan vətəndaşının saxlanılması haqqında kütləvi informasiya vasitələrində gedən məlumatları dəqiqləşdirmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət ediblər. Onun sözlərinə görə, Azərbaycan tərəfi BQXK-dan məlumatın təsdiqləndiyi halda mandatına uyğun prosedurları həyata keçirməyi xahiş edib.

Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı rəsmi açıqlama verərək bəyan edib ki, Ermənistan mediasında yayılan məlumatda adı çəkilən şəxslər Azərbaycan Silahlı Qüvvələrində xidmət etmir.

Müdafiə Nazirliyi həmçinin bəyan edib ki, işğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır, azərbaycanlıların həmin ərazilərə keçməsinə və orada sərbəst hərəkət etməsinə qadağa qoyula bilməz. Erməni tərəfinin iddialaraına baxmayaraq, bu şəxslər heç bir dövlət sərhədini də pozmayıblar. Çünki işğal nəticəsində, qeyri-qanuni yolla "qurulmuş" qondarma rejimin nəzarətindəki torpaqlar BMT tərəfindən tanınan Azərbaycan Respublikasının ərazisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti