...

Azərbaycan Ordusunun zabiti: Ermənistanın ağır hərbi texnikasının Gədəbəy ərazisinə müdaxiləsi mümkün deyil

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Avqust 2014 09:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir İlkin İzzət/

Ermənistan Silahlı Qüvvələrinin ağır hərbi texnikasının Gədəbəy ərazisinə müdaxiləsi mümkün deyil. Çünki onların bütün müdaxilə yollarının qarşısı müxtəlif vasitələrlə alınıb.

Bunu Trend-in Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinə ezam olunmuş əməkdaşına Azərbaycan Silahlı Qüvvələri Şəmkir Hərbi Birləşməsinin yüksək vəzifəli zabiti deyib.

Azərbaycan Ordusunun yüksək rütbəli zabitinin bildirdiyinə görə, Gədəbəy rayonu Ermənistan ərazisindən ara-sıra atəşə tutulsa da, cəbhənin digər hissələrinə nisbətən burada vəziyyət fərqlidir: "Belə ki, Ermənistan Silahlı Qüvvələri Ermənistan ərazisindəki yüksəkliklərdən Azərbaycan tərəfini atəşə tutarkən yaşayış massivləri və mülki əhali üçün ciddi təhlükə yaranmır. Lakin Azərbaycan Silahlı Qüvvələrinə məxsus bölmələrin yerləşdiyi elə mövqelər var ki, arsenalımızda olan silahlardan atəş açılarsa, Ermənistanın bəzi yaşayış obyektləri, xüsusən də Krasnoselsk rayonunda yerləşən yaşayış massivləri avtomatik olaraq hədəfə çevrilə bilər".

Hərbçimizin sözlərinə görə, elə hallar olur ki, ermənilər Azərbaycan Ordusunun cəbhənin Gədəbəy istiqamətindəki mövqelərini atəşə tuturlar. Lakin onlara cavab atəşi açıldıqdan dərhal sonra susmalı olurlar. Bundan əlavə, Gədəbəy xalqla ordu arasında birliyin ən sıx olduğu rayonlardan biridir: "Gədəbəydə yerli sakinlər ordumuza çox inanır və dəstək olur. Burada heç kəs düşmənin heç bir həmləsindən zərrə qədər də qorxmur. Təsadüfi deyil ki, ermənilər gədəbəyin bir qarış torpağını belə işğal edə bilməyiblər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti