...

Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Sentyabr 2014 14:48 (UTC +04:00)
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Polşanın xarici işlər nazirinin müavini Tomaş Orlovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxmalıdır

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir Səbinə Əhmədova/

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Polşanın xarici işlər nazirinin müavini Tomaş Orlovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə bildiriblər ki, görüşdə iki ölkə arasında əlaqələrin mövcud inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

Tomaş Orlovski Polşa tərəfindən Azərbaycanın Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizliyin təmin olunmasında rolunun yüksək qiymətləndirildiyini qeyd edib. O, beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün NATO əməliyyatlarına verdiyi töhfələrinə görə də Azərbaycana təşəkkürünü ifadə edib.

Nazir Elmar Məmmədyarov Azərbaycanın də enerji və infrastruktur layihələri və qarşılıqlı faydalı əməkdaşlıq şəbəkəsi vasitəsilə region və onun hüdudlarından kənarda sabitliyə töhfə verdiyini deyərək, 20 sentyabr tarixində "Əsrin müqaviləsi"nin iyirmi illiyinin qeyd olunacağını və bu çərçivədə Bakıda Cənub Qaz dəhlizinin genişləndirilməsi və Trans-Anadolu layihəsinin təməl qoyma mərasiminin keçiriləcəyini bildirib.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin regiona üçün əsas təhlükə mənbəyi olduğunu qeyd edərək, ATƏT Minsk qrupunun həmsədr ölkələri tərəfindən müxtəlif səviyyələrdə bəyan edildiyi kimi mövcud status-kvonun qəbuledilməzliyini vurğulayıb. Nazir Elmar Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.

Avropa İttifaqı ilə əlaqələrə dair aparılan müzakirələr əsnasında Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlığın dövlətlərin imkanları və fərqli maraqları nəzərə alınaraq, inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır.

Nazir Elmar Məmmədyarov Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlığa malik olduğunu qeyd edərək, ölkəmizin digər sahələrdə də Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətləri qurmaq niyyətini ifadə etmişdir.

Görüşdə regional proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti