...

XİN: Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində öz hərbi mövcudluğunu gücləndirməkdə davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Noyabr 2014 19:29
Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində öz hərbi mövcudluğunu və imkanlarını gücləndirməkdə davam edir.
XİN: Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində öz hərbi mövcudluğunu gücləndirməkdə davam edir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində öz hərbi mövcudluğunu və imkanlarını gücləndirməkdə davam edir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

Qeyd olunur ki, Ermənistanın rəsmi kütləvi informasiya vasitələrinin məlumatına görə, 6 noyabr 2014-cü il tarixində Ermənistan silahlı qüvvələrinin (SQ) 47 min nəfərə qədər şəxsi heyət və 3000-dən artıq döyüş texnikasının iştirakı ilə Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində genişmiqyaslı təxribatçı hərbi təlimlərin keçirilməsinə başlayıb. Ermənistan hərbi hava qüvvələri də Azərbaycan SQ-nin müdafiə mövqeləri üzərində təxribatçı və təhdidedici döyüş uçuşları həyata keçiriblər: "12 noyabr tarixində Ermənistan hərbi hava qüvvələrinin iki ədəd "Mi-24" tipli hücum helikopteri Azərbaycanın işğal edilmiş Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında Azərbaycan SQ-nin mövqelərinin yaxın ətrafına yan alıb və hücum manevrləri həyata keçirib. Helikopterlərdən biri elə bu işğal olunmuş ərazidə vurulub".

Bəyanatda bildirilir ki, vurulmuş helikopter Ermənistanın Yerevan şəhəri yaxınlığındakı "Erebuni" hərbi aerodromunun 15-ci hərbi bazasına məxsus olub və onun şəxsi heyəti Ermənistan silahlı qüvvələrinin hərbi xidmətçiləri olublar. Bütün bunlar Ermənistanın Azərbaycana qarşı təcavüzünün, Azərbaycanın ərazilərinin işğalında birbaşa iştirakının və ona qarşı gücdən istifadənin davamının daha bir təzahürüdür: "BMT Təhlükəsizlik Şurasının 853 saylı 1993-cü il tarixli qətnaməsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək, xüsusən də "Ağdam rayonu və Azərbaycanın bütün digər işğal edilmiş ərazilərinin işğalını pisləyir" və "Ağdam rayonu və Azərbaycanın bütün digər işğal edilmiş ərazilərinin zəbtinə cəlb olunmuş işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir".

XİN-in bəyanatında deyilir ki, BMT TŞ-nin qətnamələrinin tələblərini icra etməyən Ermənistan yalnız Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlarını çıxarmaqdan imtina etməyərək, beynəlxalq hüquq, BMT TŞ-nin qətnamələri və atəşkəs rejimini nümayişkaranə şəkildə pozaraq, bu ərazilərdə öz hərbi mövcudluğunu və imkanlarını gücləndirməkdə davam edir və genişmiqyaslı hərbi təlimlər keçirir. Ağır texnikadan istifadə, Azərbaycanın işğal olunmuş əraziləri üzərində davamlı uçuşlar və Azərbaycanın mövqelərinə hücumlar Ermənistan prezidentinin rəsmi internet saytında, eləcə də Ermənistan kütləvi informasiya vasitələri tərəfindən yayılmış məlumat, foto və video materiallarda öz əksini tapıb: "Nəzərə alınmalıdır ki, bu təxribatçı hərbi təlimlər Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə 10 avqust 2014-cü ildə Soçidə, ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə 4 sentyabr tarixində Uelsdə və Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə 27 oktyabr tarixində Parisdə keçirilmiş görüşlərindən dərhal sonra təşkil edilib".

Qeyd olunur ki, hər üç görüşdə özünü büruzə verən müsbət meyillər davam edən sülh danışıqlarında irəliləyişə nail oluna biləcəyinə dəlalət edirdi: "Azərbaycan ərazilərində Ermənistan tərəfindən hərbi təlimlərin keçirilməsi bu danışıqların ruhuna və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin səylərinə qəti şəkildə uyğun olmayaraq, eləcə də Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması üçün siyasi yol ilə həllin tapılması məqsədilə etimad quruculuğuna xələl gətirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti