...

Deputat: Sarkisyanın bəyanatları Azərbaycanı daha radikal addımlar atmağa məcbur edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyul 2016 17:17 (UTC +04:00)
Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son bəyanatı onun bir siyasətçi kimi nə qədər qeyri-ciddi və təxribatçı olduğunu sübut edir.
Deputat: Sarkisyanın bəyanatları Azərbaycanı daha radikal addımlar atmağa məcbur edir

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son bəyanatı onun bir siyasətçi kimi nə qədər qeyri-ciddi və təxribatçı olduğunu sübut edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, S.Sarkisyan bir tərəfdən aprel döyüşləri zamanı hərbi əməliyyatların dayandırılması ilə bağlı bütün dünyaya yalvarışlar edirdi, digər tərəfdən isə danışıqlara getdikdən sonra heç zaman Azərbaycanın ərazi bütövlüyünün bərpa olmayacağını bildirir:

“Həmçinin Sarkisyanın Azərbaycan ərazisi olan Dağlıq Qarabağda yaşayan erməni icması adından danışması onun ümumiyyətlə diplomatiyadan xəbərsiz və həm hərəkətlərinin, həm də bəyanatlarının gərginliyə aparan bir addım olduğunu göstərir. Bu onu göstərir ki, Ermənistan bu gün danışıqların getməsində, nəticə əldə edilməsində maraqlı deyil, mövcud status-kvo Ermənistanın indiki rəhbərliyini tam təmin edir”.

Deputat bildirib ki, vaxtilə Dağlıq Qarabağ münaqişəsi vasitəsilə hakimiyyətə gələn və gəldikdən sonra öz xalqını siyasi əsirlikdə saxlayan bir rejimi bugünkü vəziyyət tam təmin edir:

Sarkisyanın dediyindən digər millətlərə qarşı, konkret olaraq Azərbaycan xalqına, onun mədəniyyətinə, tarixinə qarşı kəskin bir nifrət hiss edilir. Hesab edirəm ki, bununla o özünü bir daha ifşa etdi. Ancaq məsələ burasındadır ki, Dağlıq Qarabağ kimi problemlər bəyanatlarla və yaxud da hansısa müsahibələrlə deyil, real fəaliyyətlə həll edilir. Ermənistan Azərbaycan torpaqlarını işğalda saxlamaq üçün özünü siyasi və iqtisadi izolyasiyaya salıb, investisiyalardan məhrum olub, əhalisi durmadan ölkədən gedir. Lakin torpağının bir hissəsi işğal olunan Azərbaycanın iqtisadiyyatı getdikcə inkişaf edir. Bu gün Azərbaycanın güclü iqtisadiyyatı ilə yanaşı, çox güclü, müasir texnika ilə silahlanmış ordusu var və Ermənistan aprel hadisələrində Azərbaycanın gücünü hiss etdi”.

A.Mirzəzadə deyib ki, əgər Ermənistan aprel hadisələrindən nəticə çıxarmazsa, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə mane olarsa, onda Azərbaycanın artıq danışıqları dayandıraraq öz suverenliyini bərpa etmək üçün digər variantların üzərində düşünməkdən başqa çıxış yolu qalmır: “Sarkisyanın bu cür bəyanatları əslində Azərbaycanı daha radikal addımlar atmağa məcbur edir”.

Qeyd edək ki, Serj Sarkisyan bildirib ki, bütün dünya bir olsa, Dağlıq Qarabağ əhalisini Azərbaycanın tərkibində yaşamağa məcbur edə bilməz: “Yalnız Qarabağ sakinləri onun yekun statusunu müəyyənləşdirməlidirlər – ayrıca dövlət olmaq, yaxud Ermənistana birləşmək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti