...

İtalyan siyasətçi Ermənistanın Azərbaycan vətəndaşlarına qarşı təcavüzünü pisləyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyul 2017 11:33 (UTC +04:00)
İtaliya parlamentinin Deputatlar Palatasının üzvü Xalid Çauki Ermənistan silahlı qüvvələrinin iyulun 4-də təxribatı nəticəsində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətləri pisləyən bəyanat verib.
İtalyan siyasətçi Ermənistanın Azərbaycan vətəndaşlarına qarşı təcavüzünü pisləyib

Bakı. Trend:

İtaliya parlamentinin Deputatlar Palatasının üzvü Xalid Çauki Ermənistan silahlı qüvvələrinin iyulun 4-də təxribatı nəticəsində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətləri pisləyən bəyanat verib.

Trend-in məlumatına görə, hakim Demokratik Partiyadan olan deputat, Xarici əlaqələr daimi komissiyasının üzvü X.Çauki qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində bir qadının və onun nəvəsinin öldürülməsi, digər bir mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması ilə nəticələnən hücumla bağlı yeni xəbərlər dərin narahatlıq doğurur və Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş münaqişə olmadığını göstərir:

“Biz Ermənistan tərəfindən törədilən təcavüz aktını qəti və kəskin şəkildə qınayırıq, ziyan çəkən mülki əhali ilə tam həmrəyliyimizi ifadə edirik. Ümid edirik ki, ATƏT-in Minsk qrupunun səyləri ilə Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz doğma evlərinə qayıtması zərurətindən başlamaqla, sülh danışıqlarını yenidən bərpa etmək mümkün olacaq”.

Bəyanat Demokratik Partiyanın rəsmi internet səhifəsində və İtaliya milli xəbər agentliyi - ANSA tərəfindən yayılıb.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti