...

Berlin şəhərində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar simpozium keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2018 22:24 (UTC +04:00)
22 fevral 2018-ci il tarixində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Berlində Almaniya Bundestaqının nəzdində fəaliyyət göstərən mötəbər “Alman Parlament Cəmiyyəti”ndə “Cənubi Qafqazda təhlükəsizlik və stabillik: Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri” mövzusunda altıncı simpozium keçirilib
Berlin şəhərində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar simpozium keçirilib (FOTO)

Bakı. Trend:

22 fevral 2018-ci il tarixində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Berlində Almaniya Bundestaqının nəzdində fəaliyyət göstərən mötəbər “Alman Parlament Cəmiyyəti”ndə “Cənubi Qafqazda təhlükəsizlik və stabillik: Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri” mövzusunda altıncı simpozium keçirilib. Simpozium Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin, Alman-Azərbaycan Forumunun və Alman-Atlantik Cəmiyyətinin birgə təşkilatçılığı və ARDNŞ-in Almaniya nümayəndəliyinin dəstəyi ilə keçirilib.

Azərbaycanın Almaniyadaki Səfirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir iştirakçılarını salamlayan Alman-Azərbaycan Forumunun sədri Hanns-Eberhard Şleyer tədbirin 26 il öncə baş vermiş Xocalı şəhəri və onun ətrafında azərbaycanlı əhaliyə qarşı törədilmiş qətliamın qurbanlarına həsr edildiyini bildirilib. Şleyer öz çıxışı çərçivəsində həm də Almaniya-Azərbaycan münasibətlərinin aktual durumuna nəzər salmış və carı ilin fevralında Alman iqtisadiyyatının Şərq komitəsinin xətti ilə alman iş adamlarının Azərbaycana baş tutmuş səfərini simpozium iştirakçılarının diqqətinə çatdırılıb.

Səfir Ramin Həsənov çıxışında Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təcavüz və Xocalı soyqırımının mahiyyəti, həmçinin bu münaqişənin mümkün həlli yolları haqda simpozium iştirakçılarını məlumatlandırıb. Səfir ölkəmizin həyata keçirdiyi regional və qlobal əhəmiyyəti layihələr nəticəsində regional gücə çevrildiyini, məhz bu layihələrin regional inkişafa və stabilliyə böyük töhfə verdiyini, lakin Ermənistanın həyata keçirdiyi işğalçı siyasətin regionuna inkişafına böyük maneə olduğunu vurğulayıb.

Səfir Ramin Həsənov Almaniya-Azərbaycan münasibətlərinə toxunaraq, 2017-ci ilin Almaniya-Azərbaycan münasibətlərində əlamətdar hadisələrlə yadda qaldığını, diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibəti ilə ölkələrimiz arasında ən yüksək siyasi səviyyədə məktub mübadiləsinin həyata keçirildiyini, habelə Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi ilə əlaqədar çoxsaylı tədbirlərin təşkil olunduğunu deyib. Səfir Ramin Həsənov həmçinin Almaniya-Azərbaycan münasibətlərinin bütün sahələrdə inkişaf etdiyini və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədi ilə Almaniyanın daha aktiv olacağına ümid etdiyini bildirib.

Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili, Səfir Andreas Peşke öz çıxışında Xocalı faciəsinin insanların yaddaşında dərin izlər buraxdığını, bu faciənin münaqişə dövründə baş vermiş ən ağrılı hadisə olduğunu, regional əməkdaşlığın Qafqaz regionunda sülh və əmin-amanlığın bərpa olunması üçün mühüm rol oynadığını, bunun üçün münaqişə tərəfləri arasında qarşılıqlı etimadın yaradılmasının vacib olduğunu vurğulayıb. Peşke həmçinin Almaniya-Azərbaycan münasibətlərinin bütün sahələr üzrə ardıcıl şəkildə inkişaf etdiyini, siyasi, iqtisadi, mədəni, elm və təhsil sahələrində ölkələrarası əməkşdaşlığın dinamik inkişaf etdiyini, 2017-ci ilin dekabr ayında Bakıda Goethe-İnsitutunun təntənəli açılışının olduğunu bildirib. Peşke Azərbaycanın həyata keçirdiyi uğurlu layihələr nəticəsində regionun nəqliyyat dəhlizinə çevrildiyini demiş, ölkəmizi regionda Almaniyanın ən mühüm tərəfdaşı adlandırıb.

Daha sonra tədbir panellər çərçivəsində təşkil edilən müzakirələr formasında davam edib.

1-ci paneldə Azərbaycanın Ştutqart şəhərində fəxri konsulu Otto Hauzer, Azərbaycan Milli Məclisinin deputatları Rövşən Rzayev və Fuad Muradov, habelə Alman Federal palamentinin CDU/CSU fraksiyasının deputatları Mark Hauptman və Yoaxim Pfayfer iştirak edib.

Otto Hauzer Dağlıq Qarabağ münaqişəsinin yanlış olaraq “dondurulmuş münaqişələr” kateqoriyasına şamil edildiyini, bununla da artıq çox illərdən bəri bu münaqişənin həll olunmamış vəziyyətdə qaldığını iştirakçıların diqqətinə çatdırıb.

Rövşən Rzayev doğulduğu Şuşa şəhərinin Ermənistan tərəfindən işğalından sonra doğma vətəninə geri qayıda bilmədiyini, Dağlıq Qarabağın Azərbaycanlı icmasının erməni icması ilə dialoqa can atmasına və çoxsaylı çağırışlar etməsinə baxmayaraq, bu çağırışların cavabsız qaldığını bildirib.

Yoaxim Pfayfer Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Qafqaz regionunda cərəyan edən münaqişələrin həllində daha yaxından və intensiv şəkildə iştirak etməsinin vacibliyini vurğulayıb.

Deutat Fuad Muradov “Azərbaycanın Avropa İttifaqının (Aİ) aparıcı dövlətlərindən sayılan Almaniya ilə əməkdaşlığa böyük önəm verdiyini, lakin işğalçı syasət aparan və Aİ-yə tamami ilə əks bloka üzv olan Ermənistanın Aİ tərəfindən sərt şəkildə tənqid edilmədiyinin başadüşülməz olduğunu” bildirib.

Mark Hauptmann Dağlıq Qarabağ münaqişəsinin 25 ildən çox bir müddət davam etməsinə, Azərbaycanın mövqeyinin haqlı olduğuna və beynəlxalq hüquqa söykənməsinə baxmayaraq, bu münaqişənin hələ də həll olunmadığınıın acı təəssüf hissi doğurduğunu vurğulayıb. Deputat Hauptmann özünün də təmsil olunduğu Bundestaqda “erməni genosidi” aktının qəbul olunmasına baxmayaraq, Ermənistanın işğalçılıq siyasətinin üstündən sükutla keçilməsinin başa düşülməz olduğunu iştirakçıların diqqətinə çatdırıb.

2-ci paneldə publisist Rixard Kizler, “Deutsche Bank”ın Mərkəzi və Şərqi Avropa üzrə regional direktoru Peter Tils, Uniper şirkətinin vitse-prezidenti Mixael Hilmer və Alman İqtisadiyyatının Şərq Komitəsinin Şərqi Avropa üzrə regional direktoru Martin Hofman çıxış ediblər.

Publisist Rixard Kizler tədbirin Xocalı soyqırımının qurbanlarına həsr edildiyini, özünün isə illər öncə Azərbaycana baş çəkdiyini, Azərbaycanın torpaqlarının işğalı nəticəsində onun böyük qaçqın problemi ilə üzləşdiyini, bunla belə bu ölkənin iqtisadiyyatının 2000-ci illərdən etibarən durmadan inkişaf etdiyini bildirib. Son illərin qlobal iqtisadi böhranının Azərbaycan iqtisadiyyatına göstərdiyi təsirlərə baxmayaraq, ölkəmizin böhrandan çıxmaq üçün uğurlu addımlar atmaqda davam etdiyini vurğulayıb.

Alman İqtisadiyyatının Şərq Komitəsinin Şərqi Avropa üzrə regional direktoru Martin Hofman Azərbaycanın qeyri-neft sektorunun inkişafının doğru yolda olduğunu, habelə kənd təsərrüfatı, nəqliyyat və turizm sektorlarının xüsusi ilə inkişaf etdiyini diqqətə çatdırıb.

“Deutsche Bank”ın Mərkəzi və Şərqi Avropa üzrə regional direktoru Peter Tils Azərbaycanın 2015-2016-cı illərdə baş vermiş böhrandan uğurla çıxdığını, bank sektorunda islahatları davam etdirdiyini, habelə regional layihələrin, xüsusi ilə yeni tikilən Bakı beynəlxalq dəniz limanın istifadəyə verilməsinin qədim “İpək yolu”nun bərpası istiqamətində mühüm addım olduğunu qeyd edib.

Uniper şirkətinin vitse-prezidenti Mixael Hilmer “Cənub Qaz Dəhlizi”nin tam şəkildə istifadəyə verilməsi istiqamətində işlərin sürətlə davam etdirildiyini və ilk qazın 2020-ci ildən etibarən Avropa bazarına çıxarılmasının nəzərdə tutulduğunu iştirakçıların diqqətinə çatdırıb.

Simpoziumda Alman Federal Hökumətinin təmsilçiləri, Alman Bundestaqının deputatları, Berlində yerləşən diplomatik korpusun rəhbərləri və üzvləri, Almaniyadakı Azərbaycan diasporunun və KİV-lərin nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti